2019-cu ilin birinci yarısında Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirləri zamanı bir sıra xarakterik nöqsanlar da aşkarlanıb.
İnsider.az xəbər verir ki, Maliyyə Nazirliyindən daxil olmuş məlumatda bildirilir ki, bəzi hallarda yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmiri üçün ayrılmış vəsaitlərin təyinatına xərclənməsi üzrə aparılan nəzarət tədbirləri ilə yerinə yetirilmiş kimi sənədləşdirilən işlərin həcminin əsassız olaraq artırıldığı, malların (iş və xidmətlərin) satın alınması zamanı qanunvericiliyin tələblərinə zidd olaraq bəzi hallarda satınalma müsabiqələrinin keçirilmədiyi aşkar edilib.
Həmçinin, kommunal təsərrüfatı qurumlarında tələb olunan nəqliyyat xərclərinin artırılması və normadan artıq xidməti geyimlərin və iş alətlərinin alınması üzrə artıq vəsait proqnozlaşdırılaraq xərclənmiş, bəzi hallarda alınmış malların (iş və xidmətlərin) dəyəri bank köçürmələri vasitəsi ilə deyil nağd qaydada ödənilmişdir.
Büdcə təşkilatlarında mühasibat uçotunun təşkili və aparılmasında, hesabatların tərtibi işlərində nöqsanlara yol verilmiş, təsərrüfat əməliyyatlarına müxabirləşmələr verilməmiş, maddi-məsul şəxslərlə tam maddi məsuliyyət haqqında fərdi müqavilələr bağlanılmamışdır.