Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova polietilen torbaların mənfi təsiri barədə danışıb.
O, açıqlamasında bildirib ki, 2019-cu ilin fevral ayında Prezident İlham Əliyevin Sərəncamı ilə “plastik tullantıların ətraf mühitə zərərlərinin azaldılması istiqamətində 2019-2020-ci illər üçün tədbirlər planı” imzalanıb:
“Burada plastik qablaşdırma tullantılarının idarə edilməsi sisteminin təkmilləşdirilməsi, plastik qablaşdırma materiallarından istifadənin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, alternativ qablaşdırma materiallarından istifadənin genişləndirilməsi və digər istiqamətlər öz əksini tapıb.
Hazırda İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi nəzərdə tutulur. Bu dəyişikliklərə əsasən, 15 mikrona qədər olan polietilen torbaların və birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qablar - çəngəl, bıçaq, boşqab, stəkan və s idxalı, istehsalı, istehlakçıya satılması qadağan olunacaq”.
O qeyd edib ki, birdəfəlik plastik qablar və 15 mikrona kimi olan polietilen torbalar təkrar emala yararsızdır:
“Təkrar emala yarasız olduğu üçün də ətraf mühiti çirkləndirərək böyük fəsadlara gətirib çıxarır. Yüngül çəkili olduqlarından su tutarları, kanalizasiya borularını çirkləndirir, torpaq qatında mikrohissəciklərə parçalanıb bitkilərə, kənd təsərrüfatı məhsullarına zərər vurur. Plastik qablarda saxlanılan qidalar isə zəhərli maddələrlə qarışaraq orqanizmə ötürülür və bununla da insan sağlamlığına zərər vurur.
Polietilen torbalar üçün alternativ olaraq kağız, parça, həsir torbalardan istifadə etmək olar. Eyni zamanda, birdəfəlik plastik qabları da kağız, şüşə, metal alternativləri ilə əvəz edə bilərik. Bununla da ətraf mühiti və sağlamlığımızı qoruya bilərik”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 4 000 manatdan 5 000 manatadək cərimə ediləcək.
Qanun layihəsinin polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif edilib.
Oxu.Az