“2019/2020-ci tədris ilində Azərbaycan ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı 6600-dən çox olub”.
İnsider.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.
“Məlum olduğu kimi, ölkədə və dünyada yayılmış yeni növ koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər bütün sahələri olduğu kimi, yerli təhsil müəssisələrində tədris prosesini də əhatə edir.
Bununla, bir çox təhsil müəssisələrində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslər pandemiyanın yayılmağa başladığı tarixdən təhsilini dayandırıb, Azərbaycanı tərk edərək, öz ölkəsinə qayıdıb və ya pandemiya səbəbindən Azərbaycana geri dönə bilməyiblər”, - deyə məlumatda qeyd edilib.
Nazirlikdən vurğulanıb ki, əcnəbi tələbələr də digər təhsilalanlar kimi, mütəmadi olaraq onlayn dərslərdə iştirak edir:
“Onların tədrisdən geri qalmamasını təmin etmək məqsədilə təhsil müəssisələri tərəfindən bütün lazımi tədbirlər görülür. Bununla yanaşı, Azərbaycanda qalan əcnəbilərin müxtəlif problemlərinin (maddi, ərzaq sıxıntısı və s.) həlli istiqamətində təhsil müəssisələri tərəfindən aktiv işlər görülməkdədir”.