nazirlikden-sosial-destekle-bagli-aciqlama

Nazirlikdən sosial dəstəklə bağlı AÇIQLAMA

Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri 4,8 milyondan çox vətəndaşı və ya əhalinin 48 faizini əhatə edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayanması pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək yönümündə genişmiqyaslı tədbirlərlə bir daha təsdiqini tapır.

Dövlətin indiki çətin dövrdə də öz vətəndaşının yanında olduğunun bariz nümunəsi olan bu tədbirlər ilk növbədə dövlət və özəl sektorda muzdla çalışan 1 milyon 640 minədək işçinin iş yerlərinin və əməkhaqlarının qorunmasına imkan verdi.

Sosial ödənişlərin davamlılığı təmin edilməklə, əsasən, həssas qruplardan olan iki milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edildi.

600 minədək aztəminatlı işsiz şəxsi əhatə edən birdəfəlik ödəmə proqramına, məşğulluq imkanlarının artırılması üçün 90 minədək şəxsin ödənişli ictimai işlərə cəlb olunmasına, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailə kiçik təsərrüfatlarının qurulmasına başlanıldı.

82 min ailənin 340 minədək üzvünün ünvanlı dövlət sosial yardımı, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə təminatı işləri aparılır.

Beləliklə, pandemiya ilə əlaqədar, təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən dəstək tədbirləri 4,8 milyondan çox vətəndaşı və ya ölkə əhalisinin 48 faizini əhatə edir.