nbc-bank-bu-ilin-i-rubunu-zererle-basa-vurub

“NBC Bank” bu ilin I rübünü zərərlə başa vurub

“NBC Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 288,374 milyon manat təşkil edib.

İnsider.az-ın xəbərinə görə, Bankın maliyyə hesabatına əsasən, bu, ötən il aprelin 1-i ilə müqayisədə 30% çoxdur.

“NBC Bank”ın aktivlərinin 212,489 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 29,1% böyüyüb.

Hesabat dövründə “NBC Bank”ın cəmi öhdəlikləri 40,6% artaraq 230,869 milyon manat, o cümlədən depozit portfeli 28,6% artaraq 106,135 milyon manata çatıb, Bankın cəmi kapitalı isə 0,2% azalaraq 57,505 milyon manata düşüb.

Bu ilin I rübündə “NBC Bank”ın faiz gəlirləri 4,584 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 15,3% çox), faiz xərcləri 3,529 milyon manat (46,8% çox), qeyri-faiz gəlirləri 937 min manat (46,6% çox), qeyri-faiz xərcləri 2,329 milyon manat (51,8% çox), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları isə 257 min manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Son nəticədə Bank rübü 595 min manat zərərlə başa vurub. Halbuki, maliyyə qurumu ötən ilin eyni dövründən 818 min manat mənfəətlə çıxmışdı.

Xatırladaq ki, "NBC Bank" 1992-ci ildə "Ruzu" səhmdar kommersiya bankı kimi yaradılıb, 2002-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 64 mln. manatdır. Bankın səhmlərinin 65,91%-i Bankın daxil olduğu "Nurgun Group" MMM-in prezidenti Nuru Yaşar oğlu Əliyevə, 6,42%-i Aynur Əhməd qızı Kamalovaya, yenə də 6,42%-i Aysel Yusif qızı Usubovaya, 6,16%-i Nüşabə Yaşar qızı Səfiyevaya, 6,02%-i adı çəkilən holdinqə, 4,3%-i Surxay Tofiq oğlu Əhmədova, 2,72%-i "Caspian Insurance Co." MMM-ə, 1,02%-i Elnur Müşfiq oğlu Səfiyevə, daha 1,02%-i isə Nicat Müşfiq oğlu Səfiyevə məxsusdur.

©“Report”