Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya işlərinin 2024-cü ilin sonu - 2025-ci ilə qədər başa çatdırılması planlaşdırılır.
İnsider.az xəbər verir ki, bu barədə zavoda təşkil olunan press-tur zamanı layihə rəhbəri Nihal Allahverdiyev bildirib.
Onun sözlərinə görə, hazırda zavodda 6 qurğu istismardadır: "2021-ci ildə zavodda 17 yeni qurğu istismarda olacaq. 2025-ci ildə isə istismarda olan qurğuların sayı 24-ə çatacaq".
O xatırladıb ki, layihənin birinci mərhələsi çərçivəsində inşa olunan Bitum istehsalı qurğusu və Maye qaz doldurma stansiyaları 2018-ci ilin sonunda istismara verilib. Layihənin növbəti mərhələləri üzrə işlər iki yerə yeni qurğulara (Paket A) və rekonstruksiya ediləcək qurğulara (Paket B) bölünüb.
Paket A üzrə işlərin icrasına sabit qiymət əsasında İtaliyanın "Tecnimot-KT" alyansı cəlb edilib. Bu paket çərçivəsində Dizel yanacağının hidrotəmizlənməsi, Benzinin hidrotəmizlənməsi, Kükürdün alınması, İzomerləşmə, MTBE, Hidrogen alınma, Maye qazın hidrotəmizlənməsi üzrə Merox, C4/C5 fraksiyalarının hidrotəmizlənməsi qurğularının, eləcə də ümumzavod təsərrüfatı üzrə bir sıra qurğuların inşaşı nəzərdə tutulub. Bu paket üzrə detallı layihələndirmə işlərin təxminən 90%, satınalma işləri 72%, tikinti işləri isə 17% icra olunub.Paket B-nin icrası üçün İspaniyanın "Tecnicas Reunidas" şirkəti cəlb edilib. Layihə üzrə ELOU-AVT, Katalitik Krekinq, Katalitik Riforminq, Naftanın hidrotəmizlənməsi, Vakuum qazoylun hidrotəmizlənməsi, Amin Regenerasiya və əlavə Hidrogen istehsalı qurğularının, mövcud ümümzavod təsərrüfatının rekonstruksiya edilməsi nəzərdə tutulub.
Neftin ilkin emalı qurğusunun inşasına 2020-ci ilin əvvəlində başlamağı planlaşdırır
Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiya və yenidənqurma layihəsi çərçivəsində yeni ELOU-AVT (neftin ilkin emalı) qurğusunun inşasına 2020-ci ilin əvvəlində başlanılması planlaşdırılır.
Bu barədə zavoda təşkil olunan press-tur zamanı layihə rəhbəri Nihal Allahverdiyev bildirib.
Onun sözlərinə görə, qurğunun inşasının 44 ay müddətində həyata keçirilməsi nəzərdə tutulur.
"İllik istehsal gücü 7,5 mln ton nəzərdə tutulan yeni qurğu üçün hazırda ərazidə olan iki podratçı (EPC- Mühəndislik, Layihələndirmə və Tikinti- Rep.) arasında seçim aparılır. Baza layihəsi əsasında təkliflər verilib, layihə idarəçisi olan "Wood” şirkətinin nəzarəti ilə təkliflərə baxılacaq. Bu ilin sonuna podratçı seçimi yekunlaşacaq və gələn ilin əvvəlində EPC işlərinə başlanılması planlaşdırılır".
Qeyd edək ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda əsasən Azərbaycan nefti emal edilərək 40 növədək neft məhsulları istehsal edilir. Hazırda zavodda yenidənqurma və modernizasiya layihəsi həyata keçirilir. Bu işlər nəticəsində zavodun illik emal gücünün 6 mln tondan 7,5 mln tona çatdırılması, “Euro-5” standartlarına cavab verən dizel və benzin istehsalı nəzərdə tutulur.
© "Report"