neft-qiymetlerinin-abs-ehtiyatlarinda-azalmaya-reaksiyasi

Neft qiymətlərinin ABŞ ehtiyatlarında azalmaya reaksiyası

ABŞ-da xam neft ehtiyatlarındakı geriləmə tələbin düşəcəyi narahatlıqlarını bir qədər azaldıb və diqqətləri dərinləşən ticarət müharibəsindən uzaqlaşdırıb. Nəticədə dünən neft qiymətləri yüksəlib, amma artım kəskin olmayıb. 

Neft qiymətləri əvvəlki seansda artdıqdan sonra bu gün yüngülcə geriləyib. 

Insider.az  xəbər verir ki, Enerji İnformasiya İdarəsinin (EIA) Çərşənbə günü açıqladığı məlumatlara görə, ABŞ-da xam neft ehtiyatları ötən həftə 10 milyon barel düşərək 2018-ci ilin Oktyabr ayından bu yana ən aşağı səviyyəsinə enib. Ancaq ABŞ-da xam neft istehsalının həmin dövrdə 1.6 faiz artaraq rekord səviyyəyə qalxması, qiymət nikbinliyinin azalmasına səbəb olub.

İnvestorlar, ehtimalla gec həllini tapacaq ABŞ-Çin ticarət anlaşmazlığının və müqaviləsiz Brexit ehtimalının artmasının tələbə mənfi təsir göstərəcəyini gözləyirlər. Xam neft qiymətləri apreldən bu yana aşağı düşür. 

"Qlobal ticarət münaqişələri neft üzərində aşağı istiqamətdə təzyiq yaratmağa davam edir və qiymətlərin daha da yüksəlməsini məhdudlaşdırır. Bazar ABŞ-da istehsalın artmasından narahatdır və ehtiyatlarda böyük azalmaya lazım olduğu qədər reaksiya vermir",- analitiklər bildirirlər.

Bu gün Qərbi Texas neftinin (WTI) qiyməti 0.4 faiz düşərək 55.56 dollara, Brent neftin qiyməti isə 0.6 faiz düşərək  60.12 dollara geriləyib. 

Ehtiyatların azaldığının açıqlanması ilə əlaqədar olaraq dünən Qərbi Texas nefti 1.6%, Brent nefti 1.7% bahalaşmışdı.

©Marja