“Brent” markalı neftin bir barelinin qiyməti 2018-ci il oktyabrın 4-dan sonra ilk dəfə olaraq 86 ABŞ dollarını ötüb.
Bakı vaxtı ilə saat 08.06-ya olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 1,07% bahalaşaraq, 1 bareli 85,77 ABŞ dollarına satılıb. Bir neçə dəqiqə öncə isə qiymət son 3 ildə ilk dəfə olaraq 86 ABŞ dolları həddini aşıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti 1,46% bahalaşaraq, 1 bareli 83,49 ABŞ dolları, dekabr fyuçerslərinin qiyməti isə 1,42% bahalaşaraq, 1 bareli 82,89 ABŞ dolları təşkil edib.
Qiymət artımına COVID-19 ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması fonunda yanacaq istehlakının bərpası təsir göstərib. Qiymətlərə təsir edən digər amil Beynəlxalq Enerji Agentliyinin (BEA) ötən həftə yüksək təbii qazın qiymətinin neftə olan tələbatı artıracağı ilə bağlı xəbərdarlığı olub.