neftin-qiymeti-74-dollari-kecdi

Neftin qiyməti 74 dolları keçdi

Dünya bazarında neft qiymətləri yüksəlməkdə davam edir. 

İnsider.az xəbər verir ki, Brent neftinin qiyməti yenidən 74 dolları keçib. Bakı vaxtı ilə saat 11:50-də Brent neftinin qiyməti 3% bahalaşma ilə 74,12 dollar təşkil edib.

Səhər saatlarında Brent neftin qiyməti 74,27 dolları görümüşdü.

ABŞ rəhbərliyinin bəzi ölkələrə İrandan neft alışı üçün verdiyi möhləti uzatmayacağı barədə xəbərin ardından neft qiymətləri təxminən 6 ayın ən yüksək səviyyəsinə qalxıb.

Mövzu haqqında məlumata malik dörd mənbəyə görə, Bazar ertəsi günü ABŞ-ın Xarici işlər naziri Mike Pompeo, İrandan neft idxalına görə bəzi ölkələrə verilmiş azadolmanın (möhlətin) uzadılmayacağı barədə qərarı açıqlayacaq. 

İrandan neft idxalı üçün aralarında Türkiyənin də olduğu 8 ölkəyə 2018-ci ilin Noyabr ayında verilən və müddəti Mayın 2-də başa çatacaq möhələtin uzadılmayacağı qeyd edilir.  ABŞ Noyabr ayında Çin, Cənubi Koreya, Hindistan, İtaliya, Yaponiya, Tayvan, Yunanıstan və Türkiyəyə 180 gün möhlət vermişdi. Bu ölkələr ABŞ sanksiyalarından müvəqqəti azad edilmişdi. 

Bu il neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşlarının hasilatlarını azaltmaları, ABŞ-ın İran və Venesuelaya qarşı sanksiyaları, Liviyada hasilatın azalması və ABŞ-da istehsalın artmasının səngiməkdə olduğuna dair işarələr ilə təxminən 40% bahalaşıb.