Brent neftinin qiyməti 58 dollardan da aşağı düşüb.
İnsider.az xəbər verir ki, Bakı vaxtı ilə saat 17:20-də Brent nefti 57,43 dollardan alıcı tapıb. Brent nefti son seansda 2,6% ucuzlaşıb.
Avqust ayında Brent nefti 12% ucuzlaşıb. İyulun sonunda Brent nefti 65 dollardan baha satılırdı.
Aprel ayının ortaları ilə müqayisədə neftin qiyməti 24% düşüb. Apreldə Brent neftinin qiyməti 75 dolları keçmişdi. Brent nefti "ayı bazarı"na girib.
Neftin ucuzlaşmasına səbəb ABŞ və Çin arasında ticarət müharibəsinin şiddətlənməsidir. ABŞ Sentyabr ayından etibarən 300 milyard dollarlıq Çin məhsullarına əlavə 10% vergi tətbiq edəcəyini açıqladıqdan sonra, Çin milli valyutası yuanın ucuzlaşmasına icazə verib.
Ticarət müharibəsinin dünyanın iki böyük iqtisadiyyatı başda olmaqla qlobal iqtisadiyyata ziyan vuracağı və nəticədə neftə tələbin azalacağı ehtimal edilir.
Qeyd edək ki, Azərbaycan hökuməti 2019-cu ilin dövlət büdcəsi üçün neftin qiymətini 60 dollar götürüb.