neftin-qiymeti

Neftin qiyməti

Neftin qiyməti cümə günü səhər saatlarında müəyyən qədər ucuzlaşıb.

Bunu ticarət sövdələşmələrinin məlumatları göstərir.

Belə ki, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 0,65% azalaraq bir barel üçün 65,68 ABŞ dollarına, aprel fyuçersləri isə 0,39% azalaraq 66,62 dollar/barelə enib. WTI markalı neftin aprel fyuçerlərinin dəyəri 0,72% azalaraq bir barel üçün 63,07 ABŞ dollarına düşüb.

Cümə günü ABŞ dollarının möhkəmlənməsi neft qiymətlərinə müəyyən təzyiq göstərir. Dolların məzənnəsi yüksəldikcə neft digər valyuta sahibləri üçün daha az əlçatan olur. Dolların bahalaşmasına isə ABŞ dövlət istiqrazlarının gəlirliliyinin azalması təsir göstərib.

İnvestorlar həmçinin OPEC+in gələn həftə keçiriləcək görüşünə müəyyən ehtiyatla yanaşır. Çünki alyans ölkələrinin neft hasilatındakı məhdudiyyətləri yüngülləşdirə biləcəyi və bazara əlavə barelləri qaytara biləcəyi riskləri var. “Qara qızıl”a tələbatın tam bərpa olunmadığı mövcud vəziyyətdə belə hal bazarda disbalansa səbəb ola bilər.

Bununla belə, ümumilikdə dünya iqtisadiyyatının sürətlə bərpası üçün artan ümidlər fonunda neft ardıcıl dördüncü aylıq bahalaşmaya doğru irəliləyir. Fevral ayının əvvəlindən bəri onun dəyəri 17-20% artıb.