nesimi-sah-ismayil-natevan-vaqif-obrazlari-cidir-duzunde-yenilenib-foto

Nəsimi, Şah İsmayıl, Natəvan, Vaqif obrazları Cıdır düzündə - YENİLƏNİB + FOTO

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində iyulun 14-də Cıdır düzündə konsert-tamaşa təqdim olunub.

“Əsrlərin sədası” adlı konsert-tamaşada dahi Füzuli, Xəqani, Xurşidbanu Natəvan, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi, Mir Möhsün Nəvvab, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Nizami Gəncəvi, Şah İsmayıl Xətai kimi Azərbaycanın görkəmli ədiblərinin obrazları canlandırılıb.

Musiqili tamaşada Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovalar, Samir Cəfərov, Əməkdar artistlər Fərqanə Qasımova, Qoçaq Əsgərov, Nuriyyə Hüseynova və digər incəsənət xadimləri çıxış ediblər.

Bununla da Vaqif Poeziya Günlərinin birinci gününə yekun vurulub.

AZƏRTAC 

20:40

“Vaqif Poeziya Günləri”nin rəsmi açılış mərasimi keçirilib.

Açılış mərasimi Heydər Əliyev Fondunun Molla Pənah Vaqifin Şuşada bərpa etdiyi muzey-məqbərə kompleksinin qarşısında baş tutub.

Öncə “Vaqif Poeziya Günləri”nin tarixini əks etdirən videoçarx nümayiş olunub. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar açılış nitqi ilə çıxış edib:

“Təbiət canlı varlıqdır və o da sevinc və həsrəti duyur. 30 il Şuşanın dağları, meşələri, dumanları, bulaqları muğam həsrəti ilə yaşayıb, doğma dildə şeir həsrəti ilə yaşayıb. Xoşbəxtlikdən bu nisgil sona yetdi. Bu gün Cıdır düzü Azərbaycanın ən möhtəşəm konsert salonudur.

Bu gün Vaqif məqbərəsinin önü Azərbaycanın ən yüksək şeir kürsüsüdür. Təsadüfi deyil, hörmətli Prezidentimizin ilk fərmanlarından biri Şuşanı - Vaqifin, Natəvanın, Nəvvabın, Cabbarın, Üzeyirin, Bülbülün Şuşasını “Azərbaycanın mədəniyyət paytaxtı” etmək oldu. Artıq ilk günlərdən Şuşada şeir tədbirləri, musiqi tədbirləri keçirilir. Biz Şuşaya, vandallar tərəfindən dağıdılmış, viran olunmuş küçələrə, evlərə, çöllərə sənət, musiqi, mədəniyyət gətiririk”.

Daha sonra “İgidlərin sözü” kompozisiyasında qazi şairlərin muğamın müşayiəti ilə çıxışları olub.

Görkəmli şairlərin “Odlar yurdum Azərbaycan” vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şeirləri səsləndirilib.

Tədbirdə çıxış edən yazıçı Rəşad Məcid isə “Vaqif Poeziya Günləri”ndə xatirələrindən danışıb. O, qeyd edib ki, Şuşa haqqında ən gözəl sözləri deyən insanlar onun doğmalarına çevrilib:

“İşğal illərində tez-tez Anar müəllimin, Polad Bülbüloğlunun, Toğrul Nərimanbəyovun, Fərhad Bədəlbəylinin Şuşa haqqındakı fikirlərini səsləndirirdim”.

O, vurğulayıb ki, ötən əsrin 80-ci illərindən gənc şeir həvəskarı kimi “Vaqif Poeziya Günləri”ndə iştirak edib.

R.Məcid çıxışında Ali Baş Komandan İlham Əliyevə, Şuşanı işğaldan azad edən ordumuza təşəkkür edib. Burada olmaqdan qürur hissi keçirdiyini bildirib.

Bədii proqram tədbirdə iştirak edən şairlərin öz şeirlərini səsləndirməsi ilə yekunlaşıb.

Açılış mərasimindən fotoları təqdim edirik:

Qafqazinfo