İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin Moskva ilə Tehran arasında hərbi əməkdaşlıqla bağlı Rusiya hakimiyyətinə etiraz etdiyi barədə açıqlama verib.
O, Knessetin (parlament) xarici işlər və müdafiə komissiyasının iclasında müvafiq bəyanatla çıxış edib.
Məlumata görə, Netanyahunun bəyanatları çərşənbə axşamı keçirilən görüşün qapalı hissəsində səsləndirilib.
Deputatların ölkənin xarici siyasəti ilə bağlı suallarını cavablandıran Netanyahu, xüsusilə Ukrayna ətrafında baş verən hadisələr fonunda İsrail və Rusiyanın “sakit dialoq” saxladığını, bu zaman tərəflərin mövcud vəziyyəti “dürüst və açıq şəkildə” müzakirə etdiyini iddia edib. İsrailin baş nazirinin sözlərinə görə, hər iki tərəfin bir-birinə iddiaları var. Moskva İsrailin Ukraynaya yardımının həcminin artmasından, İsrail isə Rusiya ilə İran arasında əməkdaşlığın dərinləşməsindən narahatdır.
Netanyahu əlavə edib ki, İsrail hökuməti Moskvanın Ukraynadakı döyüşlərdə dəstək müqabilində Tehranı qabaqcıl silah sistemləri ilə təmin edə biləcəyindən narahatlığını Rusiyaya ifadə edib.