15 Mart tarixində koronavirus infeksiyası ilə bağlı yaşlı insanların müdafiəsi üçün görüləcək tədbirlərlə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu yönləndirmişdim. Sorğuya rəsmi cavabı hələ almasam da (deputat sorğularında 1 ay ərzində cavab verilir) dünən Nazirlik tərəfindən elan olunan tədbirlər planında (https://oxu.az/society/374106) sorğuda qaldırdığım suallara cavab aldım. Məlumatda bildirilir ki, xüsusi karantin dövründə (24 mart - 20 aprel) yaşı 65-dən yuxarı olan və hazırda tənha yaşayan vətəndaşların qanunvericiliyə əsasən evlərində sosial məişət xidmətləri ilə təminatı həyata keçiriləcək. Bu çox gözəl və önəmli xəbərdir! Yüz minlərlə insana xidmət edəcək belə bir sistemin qurulmasının nə dərəcədə çətin iş olduğunu dərk edirəm və bu məsuliyyətli işdə Nazirliyin əməkdaşlarına uğur arzu edirəm!
Eyni zamanda 2 məqamla bağlı fikrimi bölüşmək istərdim. İlk növbədə, qeyd olunan xidmətlərin tətbiq edilməsi üçün yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı mərkəzinə zəng edərək qeydiyyata alınmalıdırlar. Elan olunan sistem məsələni qismən həll edir, belə ki, qeydiyyata alınmayan (hər hansı bir səbəbdən zəng etməyən, məsələdən məlumatı olmayan və s.) bir qrup insan prosesdən kənar qala bilər. Və ‘kənarda’ qalan insanlar ən yaşlı, həssas bir qrup olacaq. Onların koronavirusa yoluxma riski hələ də qalacaq.
Digər tərəfdən yüz minlərlə insana xidmət etmək üçün belə bir sistemin yaradılması istənilən halda zaman tələb edəcək. Bu bir gündə görüləcək iş deyil. Bu səbəbdən vətəndaş cəmiyyətinin dəstəyi istənilən halda lazımdır. Dövlətin tədbirlər görməsi bizi məsuliyyətdən azad etmir. Vətəndaşlar nə edə bilər? Tanışlığında olan 3-4 nəfər tənha yaşlı vətəndaşa ən azı günaşırı zəng edib halını və ehtiyaclarını soruşa bilər. Özünə alış-veriş edəndə, onun da ehtiyacı olduğu məhsulu ala bilər. Tanıdığı və hətta tanımadığı yaşlı vətəndaşları Nazirliyin cağrı mərkəzinin mövcudluğu barədə məlumatlandıraraq, onların qeydiyyata alınması işinə dəstək ola bilər.
Mən başladığım təşəbbüsü, Səbail rayonunda olan 20 nəfər yaşlı vətəndaşımıza gündəlik ehtiyaclarının təmin olunması işini dayandırmıram. Çünki vətəndaş cəmiyyətinin dövlətin səylərinə dəstək verməsinin önəmini dərk edirəm.
Bir daha tədbirlər planına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkürümü bildirirəm və bu məsuliyyətli işdə Nazirliyin əməkdaşlarına uğur arzu edirəm!