Sosial şəbəkələrdə "Nikoil Bank” barədə xoşagəlməz məlumatlar yayılıb.
İnsider.az xəbər verir ki, yayılan məlumatda bankın təcrübə proqramı üçün gələn tələbələrə küçələrdə buklet paylatdırdığı bildirilir.
Buna etiraz edən tələbələr yazıblar ki, bank sistemi ilə tanış etmək əvəzinə onlara buklet paylatdırmaq proqrama ziddir.
Bəzi tələbələrin bundan imtina edərək proqramı yarımçıq tərk etdiyi bildirilir.
“Müvəkkil” Hüquq Evinin rəhbəri Səməd Vəkilov mövzu ilə əlaqədar açıqlama verərkən kommersiya təşkilatında könüllü fəaliyyətin və bu ad altında könüllünü muzdlu işə cəlb etməyin qanuna zidd olduğunu bildirib:
“Kommersiya qurumunda heç bir halda könüllü xidmətdən söhbət gedə bilməz. Burada söhbət işçi və işəgötürən münasibətlərindən gedir. Əməyin ödənilməsi maaş və günəmuzd şəklində həyata keçirilir. Könüllülük adı altında aparıb işçiləri işlətməklə qanunu pozublar. İnzibati xətadır və fiziki şəxslər üçün böyük miqdarda cəriməsi var. Bank hüquqi şəxs olduğu üçün bu pozuntunun cəriməsi 25 min manatdır”.
©İqtisadiyyat.az