Yaponiyanın “Nissan” avtomobil şirkətinin prezidenti Xiroto Saikava maliyyə maxinasiyası qalmaqalı fonunda öz vəzifəsini tərk etmək niyyətindədir.
İnsider.az bu barədə “Kyodo” agentliyinə istinadla xəbər verir.
O, istefaya gedişin konkret tarixini bildirməsə də, “Bloomberg”-in məlumatına görə, Saikava özünə əvəz tapan kimi şirkət rəhbərliyini tərk edəcək.
“Kyodo” agentliyi hesab edir ki, Saikava, əvvəl də etiraf etdiyi kimi, bu yolla şirkət rəhbəri vəzifəsində olduğu vaxt yüksək bonusların alınmasına görə məsuliyyəti üzərinə götürmək istəyir. Buna baxmayaraq, “Nissan”-ın rəhbəri bu sxemin təşkilatçısı olmadığını və mənimsənmiş artıq məbləği korporasiyaya geri qaytaracağını bildirib. Sistem “Nissan”-da rəhbərliyi şirkətin inkişafı və onun gəlirinin artırılması üzrə daha fəal fəaliyyətə ruhlandırmaq üçün tətbiq olunmuşdu.
Qeyd edək ki, Saikavanın gələcək istefası barədə elanı “Renault — Nissan — Mitsubishi” fransız-yapon avtomobil alyansının rəhbəri Karlos Qonun davam edən qalmaqalı fonunda baş verir. Alyansın keçmiş rəhbəri vergidən yayınma və ümumilikdə 80 milyon dollarlıq maliyyə maxinasiyaları qalmaqalının iştirakçısıdır.
Samirə Məmmədova