Dünya şöhrətli iqtisadçı, Nobel Sülh Mükafatı laureatı olan Məhəmməd Yunusun fikrincə, yoxsulluğun yayılmasında insanlara xas olan altruizmi inkar edən və sahibkarlıq mədəniyyətini boğan müasir iqtisadi sistem günahkardır. İnsider.az-ın məlumatına görə, bu fikirləri M. Yunus “RBK”-ya verdiyi müsahibəsində bölüşüb.
Nobel mükafatı laureatı müsahibəsində həm inkişaf edən, həm qabaqcıl ölkələrdə yoxsulluğa səbəb olan kapitalist sisteminin dərin böhranı haqda danışıb. “Mən ömür boyu kasıblığın səbəbinin elə kasıblar – onların həyat tərzi və dünya görüşüdür – yanlış fikrilə mübarizə aparıram. Kasıblığın səbəbi yaşadığımız kapitalist sistemdir. O, insanların özləri tərəfindən yaranmayıb, kənardan sırınıb. Əgər yoxsulluğa qalib gəlmək istəyiriksə, nəhəng nöqsanların olduğu kapitalizmin özünü düzəltməliyik” - deyə, Yunus qeyd edib.
İqtisadçının fikrincə, “kapitalizm nəzər nöqtəsindən, insanı mənfəət marağı yönləndirir” və “insanın digərlərinə qayğı göstərməsi ciddiyə alınmır”.
Alim 1974-cü ildə vətəni olan Banqladeşin 1,5 milyon vətəndaşının həyatına son qoyan aclıqdan sonra yoxsulluğun səbəbinin təhlili ilə məşğul olmağa başlayıb. “Ənənəvi maliyyə sisteminin təqdim etdiyi xidmətlər müəyyən gəlir səviyyəsindən aşağıda olan insanlara şamil olunmur. Bir çox insan maliyyə sistemindən sadəcə, xaric olunublar. ABŞ, Almaniya, Fransa və s - vəziyyət istənilən yerdə belədir”, - M. Yunus hesab edir.
Samirə Məmmədova