nokia-nin-yeni-rehberi-avqustdan-isinin-icrasina-baslayacaq

“Nokia”nın yeni rəhbəri avqustdan işinin icrasına başlayacaq

Finlandiyanın “Fortum” energetika şirkətinin keçmiş rəhbəri Pekka Lundmark “Nokia” telekommunikasiya şirkətinin icraçı direktoru vəzifəsinin icrasına gözləniləndən tez başlayacaq.

İnsider.az xəbər verir ki, bu barədə “Nokia” şirkəti məlumat yayıb. 

Qeyd olunub ki, Pekka Lundmark daha əvvəl açıqlandığı kimi sentyabrdan yox, avqustun 1-dən etibarən yeni işinin icrasına başlayacaq. Eyni zamanda “Nokia”nın hazırkı rəhbəri Raciv Surinin iyulun 31-də səlahiyyətlərini təhvil verəcəyi və 2021-ci il yanvarın 1-dək şirkətin idarə heyətinin müşaviri vəzifəsində çalışacağı vurğulanııb.

Lundmark “Nokia”nın 5G avadanlıqları bazarında qarşılaşdığı bir sıra çətinlikləri həll etməli olacaq. O cümlədən “Reuters” agentliyi Avropanın ən böyük telekommunikasiya operatorlarından biri olan “Deutsche Telekom”un Finlandiya brendinin 5G-avadanlıqlarını ən pis adlandırdığını yazıb. Bundan əlavə, 5G seqmentində şirkət İsveçin “Ericsson” və Çinin “Huawei” şirkətləri tərəfindən artan rəqabətlə rastlaşır.

Qeyd edək ki, “Nokia” mobil, sabit, genişzolaqlı və IP şəbəkələri üçün telekommunikasiya avadanlıqları istehsal edir. Onun səhmləri Frankfurt, Nyu York və Helsinki birjalarında yerləşdirilib.

Qəzaragahı Espooda (Finlandiya) olan “Nokia” şirkətinin 2019-cu ilin yekunları üzrə əməliyyat mənfəəti 2,003 milyard avroya çatıb.