norvecin-asagibudceli-aviasirketi-2-min-iscisini-ixtisar-edecek

Norveçin aşağıbüdcəli aviaşirkəti 2 min işçisini ixtisar edəcək

“Norwegian Air” şirkəti Trans-Atlantik uçuşlarını dayandırmağa hazırlaşır.

İnsider.az xəbər verir ki, bununla bağlı aviaşirkət 2 min işçisini ixtisar edəcək.

Bundan başqa, aviadaşıyıcı ABŞ, Böyük Britaniya, Fransa və İtaliyadakı bölmələrini bağlamaq, diqqətini əsasən daxili və Avropanın bir sıra ölkələri istiqamətində uçuşlara yönəltmək niyyətindədir.

Buna uyğun olaraq “Norwegian Air” bu il istifadəsində olan təyyarələrin sayını 50-yə endirəcək, gələn il isə 70-ə qaldıracaq.

Hazırda Norveç aviaşirkətinin 66,8 milyard kron (təxminən 7,9 milyard ABŞ dolları) məbləğində borcu var. Bunun isə 48,5 milyard kronu (5,7 milyard dollar) faiz borclardır. Hazırda şirkət bu borcları restrukturizasiya etməyə çalışır. Əgər bu plan baş tutmasa, martda aviadaşıyıcı nağd pul problemi yaşaya bilər.

Xatırladaq ki, “Norwegian Air” 1993-cü ildə yaradılıb və aşağı büdcəli aviaşirkətidir. Nəqliyyat qurumu 138 təyyarəyə malik olsa da, koronavirus (COVID-19) pandemiyası dövründə onlardan cəmi 6-sı ilə uçuşlar həyata keçirə bilib.

Report