noyabr-ayi-uzre-18-milyon-manatdan-cox-birdefelik-odenis-edilib

Noyabr ayı üzrə 18 milyon manatdan çox birdəfəlik ödəniş edilib

Noyabr ayı üçün xüsusi karantin rejimi tətbiq olunan 10 rayon və şəhər üzrə 96 min 587 nəfərə 18 milyon manatdan çox vəsait ödənilib. Ödənişlər edilən zaman vətəndaşların faktiki qeydiyyat ünvanı da nəzərə alınıb.

Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov bildirib ki, “e-sosial” portalında işsiz kimi qeydiyyatdan keçən vətəndaşların banklar üzrə bölgüsü həyata keçirilən zaman faktiki ünvanları bank ictimaiyyəti tərəfindən diqqətdə saxlanılıb və onlara yaxın olan bankomat, filial və şöbələr nəzərə alınıb.

O əlavə edib ki, bununla əlaqədar hazırda 190 manat müavinətlərin ödənilməsi ilə bağlı banklar qarşısında böyük bir sıxlıq mövcud deyil.

Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı qeyd edib ki, noyabr ayı üzrə verilən birdəfəlik ödənişlər aprel ayında işsiz kimi qeydiyyatdan keçmiş şəxslərə şamil edilir, hansı ki, agentliyin bazasında həmin şəxslər arasında yenidən yoxlama aparılıb. Birdəfəlik ödəmənin verilməsi ilə bağlı qaydalara və şərtlərə cavab verən şəxslərə bu ödəmə təyin edilib.

Qeyd edilib ki, vətəndaşlara ödənişlərin köçürülməsi ilə bağlı SMS bildirişlər göndərilir.