Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən sonra müəllimlərin əməkhaqlarında da fərqlər yaranıb.
Ali təhsil müəssisələrində çalışan müəllimlər həm dövlət tərəfindən maliyyələşən qruplarda, həm də ödənişli qruplarda tədris aparırlar. Bəs bu zaman onların aldığı əməkhaqqı vergiyə hansı qaydada cəlb olunur?
İnsider.az xəbər verir ki, bu məsələ ilə bağlı Vergilər Nazirliyinin şərhinə görə, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır.
"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin Meyarların 2.2-ci bəndinə əsasən, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər qeyri-dövlət sektoruna aid edilir.
Yuxarıda qeyd olunduğu kimi, meyarlar işçilərə deyil, işəgötürənə münasibətdə ayırd edilir və işəgötürən, bu halda təhsil müəssisəsi dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşdirilmədiyi halda bütün işçilərin gəlir vergisi güzəştli dərəcə ilə hesablanır. İşəgötürən dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşdirildiyi halda isə işçilərin gəlir vergisi Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən hesablanır. Həmin maddəyə əsasən, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərinin məbləği 2.500 manadək olduqda onun gəlirindən 14 faiz həcmində vergi tutulur. Aylıq gəliri 2.500 manatdan çox olduqda isə 350 manat + 2.500 manatdan çox olan məbləğin 25 faizi həcmində vergi hesablanır.