2020-ci ilin yanvar-noyabr aylarında əsas kapitala 12 milyard 716,6 milyon manat məbləğində vəsait yönəlib.
İnsider.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə bu il 4 faiz az vəsait yönəldilib.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,4 faiz artıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 11 faiz azalıb. İstifadə olunmuş vəsaitin 8 milyard 374,4 milyon manatı və ya 65,9 faizi məhsul istehsalı sahələrinə, 3 milyard 185 milyon manatı və ya 25 faizi xidmət sahələrinə, 1 milyard 157,2 milyon manatı və ya 9,1 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 8 milyard 130,5 milyon manatını və ya 63,9 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 milyard 958,2 milyon manatı və ya 62,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 57,9 faiz, büdcə vəsaitləri 24,2 faiz, bank kreditləri 6,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,2 faiz, sair vəsaitlər 3,3 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,6 faiz təşkil edib.