olkedaxili-ucuslar-zamani-sernisinlerden-pcr-testi-teleb-olunmayacaq

Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən PCR testi tələb olunmayacaq

Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR test barədə arayış tələb olunmayacaq və ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar götürüləcək.

Digər dəyişikliklə ölkədaxili uçuşların sərnişinlərinin yalnız şəxsiyyət vəsiqəsinin (pasportunun) və müvafiq reys üçün biletinin mövcudluğu yoxlanılacaq.

Eyni zamanda Azərbaycana uçuşlar icra edən bütün aviadaşıyıcılar hava gəmisində bütün sərnişinlərə “Özünütəcrid barədə bəyannamə”nin paylanmasını təmin edirdilər və ölkəyə gəldikdən sonra pasport nəzarətindən keçərkən həmin Bəyannamənin doldurulmasının və təqdim edilməsinin zəruriliyi barədə məlumat verirdilər. Artıq Azərbaycana uçuşlar icra edən bütün aviadaşıyıcılara gqyulan bu tələb ləğv olunur və həmin bəyannaməyə ehtiyac yoxdur.

Qeyd edək ki, əvvəlki qaydalara görə Azərbaycana uçuşları icra edən bütün aviadaşıyıcılar uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən keçən, nəticələri neqativ olan sərnişinləri arayış əsasında uçuşa qəbul edirdilər, sərhəd nəzarəti zamanı belə arayışı təqdim edə bilməyən Azərbaycan vətəndaşları iki həftəlik karantinə alınırdı, xarici ölkələrin vətəndaşları isə ölkə ərazisinə buraxılmırdı və aviadaşıyıcı hesabına həmin uçuşla geri qaytarılırdı. Yeni dəyişikliyə əsasən, bu tələblər ləğv olunub.