Bu ilin yanvar-iyun aylarında Azərbaycanda xam neft hasilatı azalıb, əmtəəlik qaz hasilatı isə artıb.
İnsider.az bildirir ki, Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən, cari ilin yanvar-iyun aylarında Azərbaycanda xam neftin hasilatı 18,76 mln. ton təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 3% azdır.
Qeyd edək ki, Azərbaycanda hasil edilən neftin böyük hissəsi “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları blokunun payına düşür. Bu ilin aprelində AÇG blokunda yerləşən "Mərkəzi Azəri" platformasında planlaşdırılmış təmir işləri səbəbindən hasilat dayandırılmışdır və bu da ölkədə neft hasilatının azalmasına öz təsirini göstərib.
Bundan başqa, 2019-cu ilin yanvar-iyun aylarında ölkədə 12 mlrd. kubmetrə yaxın əmtəəlik qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35% çoxdur.
Azərbaycanda qaz hasilatının kəskin artması “Şahdəniz” yatağının ikinci mərhələsinin reallaşdırılması ilə əlaqədardır.
©“APA-Economics”