olkelerin-reqabetcilliyi-uzre-2019-cu-ilin-reytinqinde-sinqapur-birinci-yerdedir-abs-artiq-lider-dey

Ölkələrin rəqabətcilliyi üzrə 2019-cu ilin reytinqində Sinqapur birinci yerdədir – ABŞ artıq lider deyil

Beynəlxalq İdarəçilik İnkişafı İnstitutunun (International Institute for Management Development, IMD) tərtib etdiyi 2019-cu ildə ölkələrin rəqabətcilliyi reytinqində Sinqapur ilk yeri tutub. ABŞ isə əvvəl tutduğu ilk pillədən üçüncüyə düşüb. İnsider.az bu barədə "PRAYM"-a istinadla xəbər verir.

“IMD” saytının press-relizində qeyd olunur ki, Sinqapur reytinqdə ilk yeri 2010-cu ildən bəri ilk dəfədir tutur. İlk pilləyə yüksəlişin səbəbləri kimi texnoloji infrastruktur, ixtisaslaşdırılmış işçi qüvvəsinin olması, əlverişli immiqrasiya qanunları və biznes açılışının effektiv üsulları göstərilir.

Reytinqin ikinci pilləsində Honkonq qərarlaşıb.

ABŞ barədə isə relizdə deyilir: “Ölkənin hələ də infrastruktur və iqtisadi göstəricilərin səviyyəsinin qlobal artım templərini diktə etməsinə baxmayaraq, dünyanın ən iri iqtisadiyyatının rəqabətcilliyinə daha yüksək yanacaq qiymətləri, yüksək texnoloji malların daha aşağı ixracatı və dollar qiymətinin enib-qalxması təsir edib."

Qeyd olunur ki, “ticarətdən gələn daha yüksək gəlirlər, məsələn, Səudiyyə Ərəbistanı kimi neft və qaz istehsalçılarına kömək edib – ölkə 13 pillə qalxaraq, 26-cı yeri tutub”.

Həmçinin, əhəmiyyətli artımı İndoneziya göstərib – o, 32-ci yerdə qərarlaşıb. Öz növbəsində BƏƏ reytinqin 5-ci yerini tutmaqla, ilk dəfədir ki, ilk beşliyə daxil olub.

Rusiya əvvəlki kimi 45-ci yerdədir.

Venesuela isə “inflyasiya, kredit vəsaitlərinə məhdud giriş və zəif iqtisadiyyata” görə sonuncu, yəni 63-cü yerdə qalıb.

Samirə Məmmədova