Koronavirusun “Omikron” ştammının viral hissəciklərinin fotoları dərc olunub.
Bununla bağlı görüntülər “Rospotrebnadzor”un nəzdində fəaliyyət göstərən “Vektor” Dövlət Elmi Virusologiya və Biotexnologiya Mərkəzinin saytında yayımlanıb.
Məlumata görə, hüceyrələr virusa yoluxduqdan sonra altıncı gündə yetişdirilən xüsusi flakonların səthindən götürülüb. Şəkillərdə hüceyrədaxili şəbəkənin genişlənmiş borularını təmsil edən vezikulyar strukturlar göstərilir (onların iştirakı ilə hüceyrənin həyatı üçün zəruri olan zülalların, lipidlərin və digər maddələrin sintezi və nəqli baş verir).
Qeyd olunur ki, “Omikron” ştammı vəziyyətində qeyri-adilik ondadır ki, virus yavaş-yavaş toplanır və digər ştammlardan fərqli olaraq infeksiyanın altıncı günündə kütləvi hüceyrə ölümünə səbəb olmur.
“Ümumilikdə, “Omikron” ştammı ilə yoluxmuş hüceyrələrin vəziyyəti digər ştammlarla yoluxduqda ikinci və ya üçüncü gündə görünə bilənlərə uyğundur”, - deyə alimlər izah edib.
Oxu.Az