on-bir-ayin-sultani-ramazan-basladi-foto

On bir ayın sultanı Ramazan başladı - FOTO

Bu gün Azərbaycanda Ramazan ayı başlayır.

Bu il hicri təqvimlə Ramazan ayının 1-i miladi təqvimlə 2024-cü il martın 11-nə təsadüf edir.

Ramazan ayının ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni martın 28-də olacaq. İkinci qədr gecəsi martın 30-da (Ramazan ayının 20-dən 21-nə keçən gecə), üçüncüsü aprelin 1-i və sonuncusu aprelin 5-də olacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.

Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. QMİ Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür. Qeyd olunur ki, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

Qeyd edək ki, Şəvval ayının 1-də, aprelin 10-da Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkədə iki gün - aprelin 10-da və 11-də bayram günləridir.