Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il Azərbaycanda gündəlik neft hasilatının orta həcmi üzrə proqnozunu ötən aydakı proqnozdan 0,01 min barel azaldaraq 800 min barel olacağını proqnozlaşdırıb.
İnsider.az xəbər verir ki, bu barədə OPEC-in iyul ayı üzrə hesabatında bildirilir.
Hesabatda qeyd olunub ki, 2020-ci ildə hasilatın 2019-cu illə müqayisədə azaldılması və 790 min barel olması proqnozlaşdırılır. Bununla belə qeyd edilib ki, hasilatda ciddi azalma gözlənilmir.
Xatırladaq ki, 10 dekabr 2016-cı il tarixində Vyanada (Avstriya) imzalanmış sazişə əsasən, Azərbaycan gündəlik hasilatı 35 min barel azaltmaq barədə öhdəlik götürmüşdü.
2018-ci il dekabrın 7-də isə OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Vyanadakı V müşavirəsində 2018-ci ilin oktyabr ayına nisbətən gündəlik hasilatın 1,2 mln. barel azaldılması barədə razılıq əldə edilmişdi. Azərbaycan gündəlik hasilatı, təqribən, 20 min barel azaltmaq öhdəliyi götürüb.
Cari ilin 1 iyul tarixindən 2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti 2020-ci ilin I rübünün sonunadək uzadılıb.
©Report