Dünya bazarında neft qiymətlərinin artımı bu gün günorta saatlarında sürətlənib və “Brent” neftinin bir barelinin qiyməti martın 18-dən etibarən ilk dəfə olaraq 68 dolları keçib.
Şimal dənizində hasil edilən “Brent” markalı neftin iyun fyuçersləri bu gün martın 18-dən bəri ilk dəfə olaraq 68,06 ABŞ dollarına qədər bahalaşıb. Bakı vaxtı ilə saat 13:23-də isə qiymət bir qədər düşəndən sonra yenidən 1,13 faiz artaraq bir barel üçün 67,81 dollara qədər yüksəlib.
Bu arada “WTI” neftinin iyun fyuçersləri 1,14 faiz, may fyuçersləri isə 1,23 faiz bahalaşaraq bir bareli müvafiq olaraq 64,15 və 64,16 dollara satılıb.
Bir qədər öncə “Bloomberg” agentliyi xəbər verib ki, “OPEC+” aprelin 28-də ümumi iclasını deyil, yalnız monitorinq komitəsinin iclasını keçirməyin mümkünlüyünü nəzərdən keçirir. Bundan əlavə, təşkilatın üç nümayəndəsi agentliyə bildirib ki, neft hasilatının planlaşdırılmış artımında hər hansı bir dəyişiklik gözlənilmir.