opec-monitorinq-komitesi-irandan-sanksiyalarin-goturulmesi-meselesini-muzakire-edib

OPEC+ Monitorinq Komitəsi İrandan sanksiyaların götürülməsi məsələsini müzakirə edib

OPEC+ Nazirlərin Monitorinq Komitəsi ABŞ-ın İrana qarşı sanksiyalarının aradan qaldırılması və bazarın bu ölkədən gələn neftlə doyurulması imkanlarını müzakirə edib.

İnsider.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Energetika naziri Aleksandr Novak məlumat verib.

"Bazarla əlaqəli bütün xəbərləri müzakirə edirik, bu məsələ də istisna olmadı. Amma nə qərar qəbul olunacağını bilmirik", - o deyib.

"Rossiya-24" telekanalına müsahibəsində A.Novak İranın son bir ildə neft hasilatını 1,5 milyon barel azaltmasının ölkə iqtisadiyyatına mənfi təsir etdiyini vurğulayıb: "İranla çox yaxşı münasibətlərimiz var. Əlbəttə ki, İranın hasilatı sanksiya tətbiq edilməmişdən əvvəlki səviyyədə bərpa etmək hüququnun olduğunu düşünürük".

Qeyd edək ki, 2018-ci ilin yazında ABŞ birtərəfli qaydada İranın nüvə proqramı üzrə sazişdən çıxıb və İranın neft ixracına qarşı sanksiyalar tətbiq edib. 2019-cu ilin may ayında İranda neft hasilatı ötən əsrin 80-ci illərindəki minimum səviyyəsinə düşüb, gündəlik ixrac isə bir il əvvəlki 2,6 milyon barel göstəricisindən 810 min barel qədər azalıb.