opec-olkeleri-avqustda-hasilati-artira-biler

"OPEC+" ölkələri avqustda hasilatı artıra bilər

Səudiyyə Ərəbistanı və "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasında iştirak edən ölkələrin çoxu artan tələbat fonunda neft hasilatının artırılması fikrini dəstəkləyir.

Məlumata əsasən, iyulun 15-ə OPEC və "OPEC+" iştirakçılarının video-konfrans formatında görüşü keçiriləcək. Görüşdə tərəflər enerji bazarındakı vəziyyəti və əldə olunmuş razılaşmanın gələcəyini müzakirə edəcəklər.

Qeyd olunur ki, rəsmi Ər-Riyad avqust ayında "qara qızıl" hasilatını artırmağı və kvotaları gündə 2 mln. barel azaltmağı (9,7 mln. bareldən 7,7 mln. barelə) təklif edib. Bu təklifi  "OPEC+" iştirakçılarının əksəriyyəti dəstəkləyib.

Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək  uzadılması barədə qərar qəbul olunub.

©️ APA