"Səudiyyə Ərəbistanı neft obyektlərinə pilotsuz uçan aparatlarla edilən hücumlara baxmayaraq, neft hasilatının planlaşdırılan səviyyəsini qoruyub saxlayacaq".
İnsider.az xəbər verir ki, bu barədə OPEC-in Baş katibi Məhəmməd Barkindo "Kazenergy" XII Avrasiya Forumunda "Enerji mənbələrinin gələcəyi: innovativ inkişaf" mövzusunda çıxış edərkən bildirib.
"Kral Salman bin Əbdül Əziz əl-Səud Səudiyyə Ərəbistanının sentyabrın 12-də Əbu-Dabidə razılaşdırıldığı kimi, istehsal səviyyəsini qoruyub saxlayacağını vəd edib. Qeyd etmək istəyirəm ki, dünyanın hər yerində neft və qazın etibarlı təminatında hər hansı bir pozğunluq sənaye və iqtisadiyyat üçün böyük sarsıntı yaradır", - M.Barkindo deyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının milli neft şirkəti olan "Saudi Aramco"nun iki ən böyük müəssisəsinə sentyabrın 14-nə keçən gecə dronlarla hücum olub. Hücuma görə məsuliyyəti yəmənli qiyamçılar - husilər öz üzərinə götürüb. Zərbələrin yaratdığı partlayışlar və yanğınlar nəticəsində Səudiyyə Ərəbistanında neft hasilatı gündəlik 9,8 milyon bareldən 5,7 milyon barelə qədər azalıb. Səudiyyə Ərəbistanı itirilmiş istehsal gücünün tam həcmini (gündəlik 12 milyon barelə qədər) noyabr ayının sonuna qədər bərpa etməyi planlaşdırır.
©Report