oqtay-esedov-azerbaycan-turkiyeye-investisiya-yatirimlarini-artirmaq-niyyetindedir

Oqtay Əsədov: Azərbaycan Türkiyəyə investisiya yatırımlarını artırmaq niyyətindədir

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin müavini Sürəyya Sədi Bilgicin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İnsider.az xəbər verir ki, parlamentdən verilən məlumata görə, O.Əsədov bu səfərin parlamentlərarası əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini qeyd edib.

O, Sürəyya Sədi Bilgici TBMM-nin Sədr müavini seçilməsi münasibəti ilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirilib ki, hər iki dövlət başçıları arasındakı dostluq və qardaşlıq münasibətləri həyatın digər sahələrinə də öz müsbət təsirini göstərir.

O.Əsədov vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri strateji xarakter daşıyır: "Heç də təsadüfi deyil ki, Türkiyənin yüksək vəzifəyə seçilmiş rəsmi nümayəndələri həmişə ilk səfərlərini Azərbaycana edirlər. Qarşılıqlı xarakter daşıyan bu səfərlər artıq ənənə xarakteri alıb. Hər iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olması ölkələr arasında ticarət dövriyyəsinin artımında da özünü göstərir. 2017-ci ildə bu sahə üzrə göstərici 2,7 milyard ABŞ dolları həcmində olmuşdursa, ötən il bu rəqəm 3,5 milyardı keçib. 2018-ci ildə Türkiyədə TANAP kimi qlobal neft layihəsinin rəsmi açılış mərasimi keçirilib, həmin ilin oktyabrında isə STAR neft emalı zavodu işə başlayıb. Artıq fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin icrası nəticəsində bütün türk dünyası yeni Dəmir İpək yolu ilə birləşəcək. Azərbaycan gələcəkdə Türkiyəyə investisiya yatırımlarını artırmaq niyyətindədir.

İkitərəfli münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin rolu çox əhəmiyyətlidir. Hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Nümayəndə heyətləri nüfuzlu beynəlxalq qurumlar çərçivəsində faydalı əməkdaşlıq edirlər".

O.Əsədov qeyd edib ki, Yaxın Şərqdə söz sahibi olan Türkiyəyə göstərilən bütün təzyiqlərə baxmayaraq, qardaş ölkənin yeni çağırışlara layiqincə cavab verəcəyinə inanır.

Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Sürəyya Sədi Bilgic Bakıya ilk dəfə səfər etdiyini və Bakıda keçiriləcək “Regional təhlükəsizlik və əməkdaşlıq üzrə parlament konfransında” iştirak edəcəklərini dilə gətirib. Qeyd edilib ki, konfransda müzakirə olunacaq məsələlər tərəflər üçün strateji əhəmiyyət kəsb edir. Regional təhlükəsizlik, qarşılıqlı dialoq, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi kimi mövzular bu gün kifayət qədər aktualdır.

O, Azərbaycanla Türkiyənin reallaşdırdıqları neft və qaz kəmərləri layihəsinin, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin region üçün əhəmiyyətini vurğulayıb. Bu layihələrin böyük siyasi və iqtisadi məna kəsb etdiyini qeyd edib.

Görüşdə Dağlıq Qarabağ problemindən söz açan qonaq problemin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında, beynəlxalq hüquq müstəvisində ədalətli həlli üçün Türkiyənin hər cür dəstək göstərməyə hazır olduğunu bir daha qeyd edib.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov, qrupun üzvü, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

©Report