oten-gunlerin-zerif-mehi-maziden-atiye-zarafet-sergisinde-foto

Ötən günlərin zərif mehi: “Mâzîden Âtîye Zarâfet” sərgisində - FOTO

Türkiyənin ilk özəl muzeyi olan Sadberk Xanım Muzeyi, Cümhuriyyətin 100-cü ildönümünü qadın və dəbdən bəhs edən sərgi ilə qeyd edir. İstanbulda, Əbdülməcid Əfəndi Köşkündə Osmanlı İmperatorluğunun son dövründən Cümhuriyyətin ilk illərinə qədər qadın geyimlərinin təqdim edildiyi “Mâzîden Âtîye Zarâfet”, adlı sərgi 17 mart 2024-cü il tarixinə qədər davam edəcək.

Sərgisinin ön planında 19-cu əsrdə saray və şəhərli xanımların Avropa dəbini izlədiyi və Cümhuriyyətin elan edilməsi ilə sürətlənən geyim transformasiyası prosesi və müasir həyatda qadınların vəziyyəti və əldə etdikləri hüquqlar əks olunub.

Dəbin tarixi təkcə geyimdən ibarət deyil, vərdişlərin dəyişməsi, gündəlik həyatda qoyduğu izlər və onun sosial nəticələri də bu çərçivədə dəyərləndirilə bilər. Sərgi müəyyən mənada qadınların cəmiyyətdə oynadığı rolu və bu rolun tədricən dəyişməsini əks etdirir. Mülki Məcəllə ilə bərabər hüquqlar verilən və müasir təhsil almaq imkanı qazanan qadınlar geyimləri ilə öz şəxsiyyətlərini ifadə etmək istəyiblər və cəmiyyətin güzgüsünə çevrilib, ölkənin sivilizasiya səviyyəsini nümayiş etdiriblər.

Sərgi İstanbuldan Ankaraya qədər köhnə və yeni paytaxtlardakı qadınların təkcə geyim tərzlərini deyil, həm də yaşadıqları mühiti tanıtmağa çalışır. Burada Cümhuriyyətin 100 illiyi şərəfinə 100 iş yer alıb: Cəmiyyətin elit təbəqəsindən olan xanımlara məxsus gəlinliklər, bir çoxunun üzərində dərzi və mağaza etiketləri, xüsusi günlərdə və dəvətnamələrdə geyilən paltarlar, küçə geyimləri, çanta, ayaqqabı və çətir kimi aksesuarlar ziyarətçilərin zövqünü oxşayır.

Ziyarətçilər qırmızı pərdəni açıb giriş salonuna addım atdıqda, sanki öz saraylarında və malikanələrində görünən zərif və sayılıb-seçilən Osmanlı xanımlarını görürlər. Ziyarətçiləri bir-birindən göz qamaşdıran, Avropa dəbinin təsirini göstərən toy geyimləri, xüsusən də sərginin keçirildiyi Əbdülməcid Əfəndi malikanəsinin ev sahibəsinin Şehsuvar Xanımın toy geyimi qarşılayır. Klassik türk musiqisindən ilhamlanmış ritmik musiqinin müşayiəti ilə daxil olan ikinci otaqda sizə həmin dövrün hissini verən obrazlar, 19-cu əsrin sonlarında 20-ci əsrin əvvəllərində saray dəvətlərində və xüsusi günlərdə xanımların geyindiyi libaslar var.

Sərgidə Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürk üçün xüsusi bölmə ayrılıb. Burada Atatürkün Sadberk Xanım Muzeyi və Rəhmi M. Qoç Muzeyi kolleksiyalarında qorunan geyimləri və şəxsi əşyaları, Ömər M. Koç kolleksiyasından çəkilmiş xüsusi fotoşəkillər sərgilənir. Bu təsirli final bölməsində Ankara Anıtkabir Muzeyində qorunub saxlanılan orijinaldan götürülmüş ölçülərlə Bəylərbəyi Sabancı Yetişmə İnstitutunda tikilən palto ziyarətçilərə təqdim edilib.

Səbinə Səmidxan