Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2020-ci il ərzində 1385,3 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.
Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov 2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıdan duran vəzifələrə həsr olunan brifinqdə deyib.
Sədr 2020-ci ildə görülən işlər barədə danışıb:
“Respublika əhəmiyyətli 254,6 km, yerli əhəmiyyətli 767,2 km, o cümlədən Bakıda 342,1 km, Sumqayıtda 21,4 km uzunluğunda yol yenidən qurulub”.
“2020-ci il ərzində bütün maliyyə mənbələri hesabına respublikamızın ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 20 yeni körpü tikilib, 3 körpü təmir edilib, 2 avtomobil tuneli tikilib, bir yeni metal dəmiryolu yol ötürücüsü və 9 piyada keçidi tikilərək əhalinin istifadəsinə verilib”, - deyə o qeyd edib.
S.Məmmədov onu da əlavə edib ki, Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına 29 kəndlərarası avtomobil yolları layihəsinin, 2 körpünün, Bakı şəhəri və onun 12 rayonunda qəsəbədaxili avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilib:
“Bunlardan 27 avtomobil yolunun və 2 körpünün tikintisi və yenidən qurulması layihəsi başa çatdırılıb. Bundan əlavə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına uzunluğu 12,3 km olan respublika əhəmiyyətli, uzunluğu 50,9 km olan kəndlərarası avtomobil yolu layihəsi, habelə uzunluğu 84,7 km olan Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmiri işləri yerinə yetirilib”.
Oxu.Az