oten-il-ecnebi-vetendaslara-verilen-vizalarin-sayi-melum-olub

Ötən il əcnəbi vətəndaşlara verilən vizaların sayı məlum olub

Ötən il “ASAN Viza” sistemi vasitə ilə 80 402 elektron viza verilib.

İnsider.az xəbər verir ki, bu, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2020-ci il üzrə hesabatında öz əksini tapıb.

Qeyd olunub ki, vizalardan 43 044-ü beynəlxalq hava limanlarında özünəxidmət terminalları vasitəsi ilə verilib ki, onlardan 10 032-si təcili viza olmaqla, 12 966-sı qrup vizasını təşkil edib.

Viza verilməsi üçün ən çox müraciət edən ölkə isə İran vətəndaşlarıdır.

Qeyd edək ki, koronavirus (COVID-19) virusunun yayılmasının qarşısını almaq məqsədi ilə ölkə ərazisində tətbiq edilən karantin dövrü ərzində Nazirlər Kabinetinin icazəsi əsasında xidməti zərurət ilə bağlı və ya yaxın qohumlarını ziyarət etmək məqsədi ilə Azərbaycana səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Heydər Əliyev Beynəlxalq Aeroportunda sistem vasitəsilə viza ilə təmin olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 12 mart tarixli qərarına əsasən “ASAN Viza” sistemi vasitəsilə elektron vizaların təmin edilməsi Azərbaycanda COVID-19-un yayılmasının qarşısını almaq məqsədi ilə dayandırılıb.