oz-biznesini-qurmaq-ya-fransiza-hansina-ustunluk-verilmelidir

Öz biznesini qurmaq, ya franşiza? - Hansına üstünlük verilməlidir?

Hələ ən yaxın dövrlərədək sahibkar hər-hansı bir biznes barədə düşünərkən, hər şeyi sıfırdan, yalnız öz instinktinə və bazarın monitorinqinə güvənərək başlamalı idi. Lakin ölkəmizdə françayzenqin yaranması əksər məsələləri əsaslı dəyişdi. Bir sıra adamlar biznesə başlamaq üçün bu metoddan istifadə etməklə böyük nailiyyətlər əldə etmiş oldular. 

Bəs yaxşı françayzinq nədir?

“Sadə dillə desək, françayzinq – bir şirkətin (françayzer), böyümək və inkişaf etmək üçün istifadə etdiyi bir marketinq strategiyasıdır. Şirkət öz əmtəə nişanını başqa bir tərəfin (françayzi) müəyyən edilmiş şərtlər qarşılığında istifadəsinə icazə verir və bunun üçün bir məbləğ alır”, - deyə Dünya Françayzinq Assosiyasiyasının Azərbaycan üzrə təmsilçisi Elvin Hacıyev İnsider.az-a bildirir və əlavə edir ki, digər tərəfdən də, françayzi, aldığı biznes konsepsiyasını öz biznesi kimi qurur və fəaliyyətə başlayır. 1930-cu illərdə praktikaya başlamış bu strategiya hal-hazırda dünyanın, demək olar, hər yerində istifadə edilir. Franşiza biznesinin təkcə ABŞ daxilindəki iqtisadi payı $700 milyard təşkil edir. 

Françayzer və ya françayzi olaraq mənim üzərimə hansı  vəzifə və öhdəliklər düşür?

Elvin Hacıyev bildirir ki, bu öhdəliklər biznesin konseptinə və brendin tələblərinə görə dəyişə bilir: “Ancaq əksər hallarda, françayzer aldığı ödəmə qarşılığında, françayziyə öz şirkətinin əmtəə nişanından istifadəsinə icazə, biznes prosedurlarının təlimi, iş sisteminin qurulması, əgər varsa, xüsusi “know-how” bilgilərinin ötürülməsi və işin idarəsi üçün lazım olan bütün məlumatları ötürmək məsuliyyəti daşıyır. Digər tərəfdən, françayzi aldığı öhdəliklər qarşılığında işlərin təyin edilmiş standartlara uyğun olaraq aparılmasın təmin etmək, təmsil etdiyi markanın tələblərini yerinə yetirmək və inkişaf etdirmək məsuliyyəti daşıyır. Əlavə olaraq, françayzinin öncədən razılaşdırılmış, satış dövriyyəsi üzərindən bir royalti faizi də ödəmək məcburiyyəti olur. Bu rəqəm adətən 5-10% arası dəyişir (aylıq və ya illik, razılaşmadan asıldır). 

Biznesə başlamaq metodu kimi françayzinqin üstünlükləri və çatışmazlıqları nədən ibarətdir?

“Françayzinqin üstünlükləri ondan ibarətdir ki, mövcud bir iş sistemini təhvil almış olursunuz. Tutaq ki, hansısa tanınmış geyim şəbəkəsinin françayzini aldıqda siz artıq dizayn, tanıtım, reklam, iş sistemi, dərzisi, ustası və işçi təlimləri kimi olduqca çətin, xərc aparan işlərdən qismən azad olursunuz. İşinizin uğurlu olma ehtimalı yüksək olur. Hazır məhsulları alıb mağazanıza yerləşdirir və marka adı ilə satış edirsiniz. 

Çatışmazlıqları demək daha çətindir, bu, hər markaya görə dəyişə bilər. Burada başlıca məsələ odur ki, françayzinqlə çalışdığınız zaman çox “flexible” (yəni rahat) ola bilmirsiz, yəni qaydaları siz təyin etmirsiz. Hər zaman qarşı tərəfin qoyduğu qaydalar ilə hərəkət etməlisiniz. Bu da bəzən iş prosesində çətinliklər yarada bilir", - deyə E.Hacıyev bildirir. 

Franşizaya nə daxildir?

“Adətən bu kimi məsələlər iki tərəfin qarşılıqlı müzakirəsindən sonra təyin olunur. Ancaq markadan istifadə haqqı, "know-how” transferi, iş sisteminin qurulması və maddi məsuliyyət kimi öhdəliklər hər bir franşiza anlaşmasında yer alır”, - deyə E.Hacıyev bildirir və vurğulayır ki, bəzi anlaşmalar daha detallı da ola bilir: “Misal üçün restoran sektorundan misal çəksək, françayzer deyə bilər ki, bütün avadanlıqlar, mebellər və dizayn işləri məndən və ya mənim təyin etdiyim yerlərdən alınmalıdır. Dediyim kimi, iş sektorundan asılı olaraq dəyişə bilir”.   

Bəs biznesmen franşiza alarkən hansı çətinliklərlə qarşılaşa bilər?

Mütəxəssis məhz elə franşiza almağın özünün çətin bir proses olduğunu vurğulayır: “Bir çox hallarda investor düşünür ki, sadəcə yatırım etməklə bu məsələni həll etmək mümkündür. Lakin yaxşı və tanınmış markalarla çalışmaq elə də asan deyil. Siz həm özünüzün, həm də şirkətiniz və komandanızın bu işə uyğun olduğunuzu, maddi və təcrübə bazanızın qənaətbəxş səviyyədə olduğuna qarşı tərəfi (Françayzeri) inandırmalı olacaqsınız. Bu, işin ilkin mərhələsidir. Razılıq əldə edildiyi təqdirdə, daha öncə qeyd etdiyim kimi, siz atdığınız hər bir addımda şirkəti məlumatlandırmalısınız. Bu proses əsnasında çəkəcəyiniz maddi zərərlər, uğursuz alına biləcək məqamlar ancaq sizə aid olur. Yəni bir çox halda, qazancınız olmasa belə, dövriyyədən hesablanan royaltini ödəməlisiniz. Yaxud “exit” (biznesi satmaq) etmək istədiyinizdə belə razılıq əldə etməlisiniz. Yer seçimi və yatırım kimi mövzularda da çətinliklər yarana bilir. Bəzən şirkətlər ancaq A kateqoriyalı məkanlarda yer açmağa icazə verir. Bu da yatırım və icarə xərclərini artırır. Bir sözlə, bu tip kaprizlərə hazır olmalısınız”. 

Ümumiyyətlə, franşiza “mənə” nə üçün lazımdır?

“Belə bir anlayış mövcud deyil. İnsanlar sadəcə iş qurmaq istədiklərində riski daha az olan bir addım atmaq istəyir. Belə olan zaman, artıq mövcud olan, hər kəsin tanıdığı, təcrübədən keçmiş və dəyəri olan bir şirkətə franşiza sistemi vasitəsi ilə yatırım etmək daha cazibədar gəlir. Digər tərəfdən də, uğurla qurulmuş bir şirkət franşiza sistemi vasitəsi ilə işini böyütmək və individual investorların yatırımından istifadə edərək daha sürətlə inkişaf etmək imkanı əldə edir”, - deyə mütəxəssis bildirir. 

Franşiza almaq üçün hesabımda nə qədər kapital olmalıdır?

E.Hacıyevin sözlərinə əsasən, adətən, əmtəə nişanı üçün ilkin olaraq bir ödəmə olunur. Bu, razılaşmadan asılı olaraq 5-10 il arası dəyişə bilər: “Markanın populyarlığından və böyüklüyündən asılı olaraq qiymətlər dəyişə bilir. Təcrübəmə əsasən, nisbətən yeni və ya orta səviyyəli (nisbətən tanınmış) markalar $50,000-$100,000 arası dəyişir. Bu məbləğə bir çox hallarda bir və ya bir neçə mağaza sayı daxil edilir. Tutaq ki, siz X  marka ilə $100,000 məbləğində 5 mağaza sayı daxil olmaqla, 5 illik müqavilə imzalayırsınız. Ancaq işləriniz yaxşı getdi və 6-cı mağazanı açmaq istəyirsiz, o zaman əlavə pul ödəməli olacaqsınız, çünki razılaşmada 6-cı mağaza yox idi”. 

Daha tanınmış və böyük dünya markaları ilə isə bu rəqəmlərin milyonlarla dollara çata biləcəyini vurğulayan ekspert bildirir ki, bu məbləğin geri dönüşü də çox daha yüksək olur: “Bütün bunlardan əlavə, layihələndirmə, avadanlıq, anbar sistemləri, mebel, memarlıq və dizayn işləri üçün də ödəniş etməli olursunuz”. 

Öz biznesini qurmaq, ya franşiza? - Hansına üstünlük verilməlidir?

“Bu suala birtərəfli və dəqiq cavab vermək çətindir, baxır sizin hədəfiniz nədir. Əgər əlinizdə müəyyən qədər kapital və yaxşı bir franşiza imkanı varsa, bunu dəyərləndirmək olar, xüsusən də, işin aparılmasında təcrübəniz azdırsa. Buradan davam edərək müəyyən bir təcrübə əldə etdikdən, mənfi və müsbətləri öyrəndikdən sonra, öz markanızı və ya biznesini qurmaq barədə düşünmək olar. Təbii ki, sıfırdan biznesini qurub uğur qazanan şirkətlər də var. Nəticə etibari ilə, bu gün tanınmış, geniş franşiza şəbəkəsi olan şirkətlərin hər biri nə vaxtsa bir şöbədən başlayıb. Ancaq açılan və bağlanan bizneslərin nisbətinə baxdıqda, belə uğurların sayının çox az olduğunu görürik. Bu səbəbdən, franşiza yatırımı daha cəlbedici olur”, - deyə E.Hacıyev bildirir. 

Franşiza işində nələrə diqqət etmək lazımdır? 

Dünya Françayzinq Assosiyasiyasının Azərbaycan üzrə təmsilçisi ilk öncə, müraciət etmək istədiyiniz markanı yaxşı analiz edib öyrənməyi məsləhət görür: “Öz ölkəsində məşhur olan hər bir marka və ya şirkət, xarici franşiza işində də uğurlu olacaq anlamına gəlmir. Misal üçün, bir şəxs Türkiyəyə gedir və orada uğurlu olan bir markanı görərək, onun Azərbaycanda franşizasını açmaq istəyir. Təbii ki, şirkətlər bu kimi fürsətləri əldən vermək istəmirlər, bu, onlar üçün əlavə gəlir deməkdir, çünki özü heç bir yatırım etmir. Ancaq həmin markanın xaricdə franşiza işinin idarə edilməsi ilə bağlı qurulmuş güclü bir infrastrukturu yoxdursa, bu gələcəkdə bir sıra axsamalara gətirib çıxara bilər. Ona görə investor seçim edərkən də diqqətli olmalıdır. 

Daha sonra, müraciət etdiyiniz markanın və ya şirkətin sizin fəaliyyət göstərəcəyiniz yerə uyğun olduğundan əmin olmalısınız. Misal üçün, ola bilər ki, siz Avropa ölkələrindən birində vegetarian burger yeyirsiniz və xoşunuza gəlir. Daha sonra bu markanı alıb Azərbaycanda franşizasını açmaq qərarına gəlirsiniz. Ancaq Azərbaycanda “vegan food” mədəniyyəti formalaşmadığı və geniş tələb olmadığı üçün, bunun alıcılıq qabiliyyəti böyük ehtimalla çox aşağı olacaq və riskə girmiş olacaqsınız. Bir sözlə, bu məsələdə ehtiyatlı olmaq lazımdır. 

Əlavə olaraq, müqavilə şərtlərini diqqətlə oxumalı, investor özü də öz hüquqlarını və haqlarını təmin edən şərtləri tələb etməlidir. Bir növ bazarlıq etmək lazımdır. Şərtləri nə qədər yumşalda bilərsinizsə, bir o qədər sizin xeyrinizə olacaq”, - deyə Elvin Hacıyev məsləhət görür. 

Tarixə nəzər

Müasir françayzinq sisteminin ilk prototipi XIX əsrin ortalarında ABŞ-da yaranıb. Bu, “Zinger” tikiş maşınlarının satış və xidmət sistemi idi. Maşınların mərkəzləşdirilmiş texniki xidməti iqtisadi cəhətdən sərfəli olmadı. Buna görə də “Zinger” istehsalçıları françayzinq sistemindən istifadəyə keçmək barədə düşünməyə başladılar. Beləliklə də, maddi müstəqil firmalara konkret ərazilərdə tikiş maşınlarını satmaq və təmir etmək hüququ təklif edilməyə başlanıldı. Analoji sistem 1898-ci ildə “General Motors” şirkəti tərəfindən də hazırlandı. Bir qədər sonra isə françayzinq industriyasından istifadəyə aktiv surətdə “Coca Cola” və “Pepsi” də qoşuldu. 

1920-ci illərdə isə françayzinq ideyası “topdan satan – pərakəndəçi” istiqamətində inkişaf etməyə başladı. Topdan satanlar (yaxud françayzer) pərakəndə satan xırda təşkilatlara müstəqilliklərini saxlamaqla, çoxsaylı endirimlərdən mənfəət götürməyə, firmanın ticarət markasından istifadə etməyə imkan yaratmağa başladılar. 

50-ci illərdə isə ikinci nəsil françayzinq – “biznes-formatlı franşiza” yarandı. Bu format artıq yalnız əmtəə nişanını deyil, biznesi aparmağın bütün texnologiyalarını ötürməyi nəzərdə tuturdu. Klassik nümunə kimi “McDonald’s”-ı gətirmək olar. 

Nigar Orucova