Hərraclar dövlət əmlakının özəlləşdirməsinin ən geniş yayılan üsuludur. Bu sahədə tətbiq olunan yeni yanaşmalarla ölkənin müxtəlif bölgələrində yerləşən dövlət əmlakının özəlləşdirilməsi prosesinə qoşulmaq olduqca rahat və əlçatandır.
Hərraclara, əsasən, səhmdar cəmiyyətlərinin dövlətə məxsus səhm paketləri, kiçik dövlət müəssisə və obyektləri, yarımçıq tikililər, istifadəsiz qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri çıxarılır. Dövlət əmlakının özəlləşdirilməsi hərracları İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilir.
Hərraclar barədə məlumatlandırma necə aparılır?
Özəlləşdirmə hərracının keçiriləcəyi ilə bağlı elan hərrac gününə ən azı 30 (otuz) gün qalmış Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytına (emlak.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) yerləşdirilir. Hərraca çıxarılan hər bir dövlət əmlakı haqqında ətraflı məlumat hər kəs üçün açıqdır.
Belə ki, səhmdar cəmiyyətlərinin səhmlərinin hərraclarda özəlləşdirilməsi ilə bağlı məlumatlarda müəssisənin adı və təsis tarixi, hüquqi ünvanı, nizamnamə kapitalının həcmi, buraxılmış səhmlərin ümumi həcmi, bir səhmin nominal dəyəri, satışa çıxarılmış səhmlərin sayı və nominal dəyəri, onların ilkin hərrac qiyməti, ilkin hərrac qiymətindən 10 faiz hesablanmış behin məbləği kimi informasiyalarla tanış olmaq mümkündür.
Kiçik dövlət müəssisələrinin hərrac elanlarında müəssisənin adı, ünvanı, ümumi faydalı sahəsi, özəlləşdirilən torpaq sahəsi, işçilərinin sayı, əmlakın ilkin qiyməti, debitor və kreditor borcları, torpaq sahəsinin ilkin qiyməti, ümumi əmlakın ilkin qiyməti və 10% behin məbləği kimi məlumatlar açıqlanır.
İstifadəsiz qeyri-yaşayış sahələri üzrə məlumatlarda obyektin adı, ünvanı, mərtəbəliliyi, sahəsi, ilkin hərrac qiyməti və ödəniləcək behin məbləği qeyd edilir.
Elanlarda hərraca çıxarılan nəqliyyat vasitələrinin markası, buraxılış ili, yürüşü, ilkin hərrac qiyməti və istifadə vəziyyəti kimi məlumatlar yer alır.
Hərraca qatılmaq üçün elektron sifariş, iştirak üçün isə elektron hərrac
Hərraclarda iştirak statusunu onlayn formada da əldə etmək mümkündür. Belə ki, özəlləşdirmə prosesində iştirak üçün hərraca 3 bank günü qalanadək elektron qaydada (e-emlak.gov.az) və ya Bakı şəhəri üzrə Əmlak Xidmətləri Məkanına, regionlar üzrə isə Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələrindəki hərrac komissiyalarına müraciət edərək sifariş blankını doldurmaq, 10% beh ödəyərək hərrac bildirişi əldə etmək kifayətdir.
Qeydiyyatdan keçmiş şəxsin hərracda canlı və yaxud onlayn rejimdə iştirak seçimi var. Bunun üçün sifarişçi hərrac günü göstərilən ünvana getməklə və ya Elektron hərrac sisteminə (e-emlak.gov.az) daxil olmaqla seçdiyi əmlakın özəlləşdirilməsinə qoşula bilər.
Hərrac qaydasında özəlləşdirmənin nəticələri
Hərracın nəticələrinə əsasən hazırlanan yekun protokol imzalandığı andan 10 təqvim günü ərzində alqı-satqı müqaviləsi imzalanır. Müqavilə bağlandığı andan ən geci 30 (otuz) bank günü müddətində isə ödənilməli olan pul vəsaiti müvafiq hesaba köçürülür.
Hərracda qalib olmayan iştirakçının sifariş üçün ödədiyi beh həmin şəxsin müraciəti əsasında 10 gün müddətində geri qaytarılır.
Hərracların nəticələri barədə məlumatlar hərrac baş tutduqdan 15 gün müddətinə ictimaiyyətə açıqlanır.