İnsanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl olunmalıdır.
Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya Təminatı və İnnovativ Həllər şöbəsinin müdiri Mansur Piriyev məlumat verib.
Məlumatda bildirilir ki:
- Hər bir şəxs ictimai iaşə müəssisələrinə daxil olarkən pandemiya şəraitinin tələblərinə mütləq əməl etməli, eyni zamanda həmin müəssisədə bu qaydalara əməl olunması üçün ictimai nəzarətin təmin olunmasında iştirak etməlidir.
- İctimai iaşə müəssisələrinə müştəri qəbulu iki dəfə azaldılmalı və adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır.
- Qida qəbulu zallarında, otaqlarda və açıq məkanlarda masalararası məsafə iki metr, masalar arxasındakı oturacaqlar arasındakı məsafə isə bir metrdən az olmamalıdır.
- Bu cür məkanlarda mütəmadi dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici məhlulların yerləşdirilməsi təmin olunmalıdır. Qida qəbulu zallarında, otaqlarda və açıq məkanlarda sərinkeşlərdən (ventilyatorlardan) istifadə olunmamalı, təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir.
- Müəssisə təmizlik vasitələri, dezinfeksiyaedici maddələrlə, axar isti və soyuq su təchizatı ilə daimi olaraq təmin edilməlidir. Sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanılması şərtdir.
- İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.
- Məhsulların, mətbəxdə istifadə olunan əşya və avadanlıqların istifadədən əvvəl təmizliyinə diqqət edilməlidir.
- Yeməklər hazırlanarkən termiki emala düzgün əməl olunmalıdır.
Koronavirus pandemiyası dövründə özümüzün və yaxınlarımızın sağlamlığı üçün qaydalara əməl edək!