pasinyanin-ugursuzluqlarini-sigortalamaq-cehdleri-tehlil

Paşinyanın uğursuzluqlarını sığortalamaq cəhdləri - TƏHLİL

Azərbaycan Ordusunun hərbi əməliyyatlarda uğurlu gedişatı Ermənistanda uğursuzluqların sayının artmasına səbəb olur.

Bunu son günlər Ermənistanda daxili ictimai-siyasi böhranın artması fonunda görmək mümkündür.

Belə ki, Ermənistan Nazirlər Kabinetinin qərarına əsasən, “ölkənin müdafiə qabiliyyətinə şübhə yaradan verilişlər”in yayımlanması qadağan olunub, dövlət və yerli idarəetmə orqanlarının vəzifəli şəxslərinə çıxışlar və nəşrlər daxil olmaqla “hərbi vəziyyətin və dövlət təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətləri tənqid edən, təkzib edən, effektivliyini şübhə ilə qarşılayan və ya hər hansı bir şəkildə dəyərdən salan proqramları yayımlamaq qadağandır”.

Təbii ki, Ermənistan hökumətinin bu qərarı əbəs yerə deyil. “Mənim Addımım” İttifaqının lideri kimi Ermənistan hökumətini idarə edən Paşinyanın bu addımının səbəbi nədir?

Hərbi sahədə uğursuzluq – Azərbaycan ordusu bütün istiqamətlərdə hücumu davam etdirir, onlarla yaşayış məntəqəsi azad edilib, erməni hərbi birləşmələri çoxlu sayda hərbi texnika və canlı qüvvə itirir və geri çəkildiyini rəsmən etiraf edir. Ermənistan sosial şəbəkələrində yayılan məlumata görə, cəbhə bölgəsində beş minə yaxın erməni zabit və əsgəri haqda məlumat yoxdur.

İqtisadi böhran – Onsuz da ağır vəziyyətdə olan Ermənistan iqtisadiyyatı müharibə üçün resurslar tapa bilmir. Bir sıra müharibə resurslarını pulsuz və ya borc hesabına almağa çalışan Ermənistanda iqtisadi vəziyyət daha da çətinləşib. Xarici ianələr belə buna iqtisadi yöndə vəziyyəti düzəltmək üçün kifayət etmir. Çünki cəbhə xəttində erməni əsgərlərdə ərzaq, dərman, silah, hətta hərbi paltar çatışmazlığı var. Bunu Paşinyanın yaxınlarda hərbi geyimlərlə bağlı xalqa müraciəti də sübut edir.

Siyasi böhran – Cəbhədəki uğursuzluq sosial-iqtisadi böhrana, o da öz növbəsində siyasi böhrana gətirib çıxarıb. Artıq “Qarabağ klanı” aktivləşib, Robert Koçaryan yenidən ortaya çıxıb. Ermənistanın ikinci prezidenti Qarabağa “külli-miqdarda silah” gətirməsi haqda şayiələr yayır, özünü yenidən “Qarabağın xilaskarı” obrazında təqdim edir.

Təbii ki, bu da Ermənistan hakimiyyəti daxilində panikanın yaranmasına səbəb olur. Milli Təhlükəsizlik Xidmətinin cəmi dörd ay əvvəl təyin olunmuş rəhbəri Arqişti Karamyan işdən çıxarılıb. Onun yerinə isə bu ilin avqustunda Karamyanın müavini təyin olunmuş Mikael Ambartsumyan təyin olunub.

Ambartsumyan isə “Qarabağ klanı”na yaxınlığı ilə seçilir. O, separatçı quldur Qarabağ rejiminin keçmiş rəhbəri Bako Saakyanın yaxın kadrlarından olan Marat Musaelyanın qaynıdır.

Ermənistan mətbuatı Mikael Ambarsumyanın vəzifə pillələrində yüksəlməsində Marat Musaelyanın rolunun olduğundan yazır. Bu da Paşinyan hökuməti daxilində Robert Koçaryan və Serj Sarqsyandan ibarət “Qarabağ klanı”nın təsir dairəsinin qaldığını göstərir. 

Həmçinin, Paşinyan öz uğursuzluqlarını ört-basdır etmək üçün “cəbhədə satqınlıq” haqda fərziyyələr irəli sürməyə başlayıb. Məsələn, bu gün politik.am saytı Ermənistan Daxili Qoşunlarının keçmiş komandanı Levon Yeranosyanun işğal altındakı Dağlıq Qarabağa gedərkən yolda həbs edildiyini bildirib.

Rusiyanın “Novaya Qazeta” qəzetinin jurnalisti İlya Azarın akkreditasiyasının əlindən alınaraq, cəbhə zonasından geri çağırılması bu hadisələrin xroniki ardıcıllığının təzahürüdür. Məhz onun Artur Ohanesyan adlı Fransa vətəndaşı olan erməni əsgərdən aldığı müsahibə Ermənistan siyasi elitasını əməlli-başlı qorxuya salıb. Çünki o, müsahibəsində Azərbaycan ordusuna qarşı mübarizə aparmağın mümkünsüzlüyü, ölülərin sayının çoxluğu və Cəbrayılın Azərbaycan ordusu tərəfindən alındığını bildirib.

Onun “Ermənistan hakimiyyəti insanları aldadır! Onlar 18 yaşlı əsgərləri təkcə avtomatla cəbhəyə yollayıblar. Deyirlər ki, “bağışlayın, güllə yoxdur, bağışlayın, tank yoxdur”. Güllə keçirməyən gödəkçələr tamamilə yararsızdır. Orada heç nə yoxdur.

Yemək daşıyan maşın hər şeyi yola boşaldır və əgər yemək istəyirsənsə, “Qrad”lar altında dörd kilometr getməlisən. Biz səkkiz dost dörd gecə ərzində yol getdik və bütün dörd xətt üçün yeməyi öz çiynimizdə daşıdıq” sözləri erməni cəbhəsində olan xaosu və hakimiyyətin əhalini necə aldatmasını çılpaqlığı ilə ortaya çıxarıb.

Məhz bunlar Nikol Paşinyanın orduda satqınların və təxribatçıların olduğunu bildirməsi kimi sərsəm açıqlamalar verməsi ilə nəticələnir. Əslində, Paşinyanın etiraf etməli olduğu amillər Azərbaycan ordusunun intizamlı, uğurlu hərbi əməliyyat strategiyası və öz daxili siyasətində yol verdiyi nöqsanlardır. Lakin Paşinyan öz uğursuzluğuna don geyindirmək üçün bütün vasitələrə əl atmağa qadir başçı olduğunu artıq çoxdan ictimaiyyətə “sübut edə bilib”.