Ukrayna tərtibatçılarının satış effektivliyinin qiymətləndirilməsi üçün olan “People.ai” startapı başda “Iconiq Capital” vençur fondu olmaqla bir qrup investordan 60 milyon dollar cəlb edib. İnsider.az bunu “TechCrunch”-a istinadla xəbər verir.
“C” raundunun digər iştirakçıları arasında “Andreessen Horowitz”, “Lightspeed Venture Partners”, “GGV Capital” və “Y Combinator” şirkətlərinin hazırkı investorları var. Sövdələşmə şərtləri naməlumdur.
“People.ai” öz qiymətləndirilməsini açıqlamır. Resursun sözlərinə görə, investorlar şirkəti 500 milyon dollara dəyərləndiriblər. Startap menecerlərə satış effektivliyini artırmağa kömək edən süni intellekt əsasında servis tərtib edib.
Alqoritm telefon danışıqlarını və müştərilərlə email-yazışmaları, həmçinin CRM-məlumatları nəzərə alaraq, əməkdaşların səmərəliliyini təhlil edir. “People.ai” müştərilərinin arasında “Red Hat”, “Lyft”, “Zoom” və digər şirkətlər var.
Qeyd edək ki, “People.ai” 2016-cı ildə Ukraynalı Oleq Roginski tərəfindən təsis edilib. Şirkət San-Fransiskoda yerləşir. 2018-ci ilin oktyabrında startap 30 milyon dollar, 2017-ci ilin mayında isə 7 milyon dollar investisiya cəlb etmişdi.
Samirə Məmmədova