perinatal-merkezdeki-guclu-yangin-zamani-dord-korpe-olub-yenilenib-foto

Perinatal Mərkəzdəki güclü yanğın zamanı dörd körpə ölüb - YENİLƏNİB + FOTO

Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.

Bununla bağlı Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) birgə məlumat yayıb. 

Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, aidiyyəti dövlət orqanlarının koordinasiyalı və operativ fəaliyyəti nəticəsində Mərkəzdə olan şəxslər təxliyə olunublar.

Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə hadisə yerinin müayinəsi aparılıb, eləcə də zəruri və təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, üç nəfər tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub.

Qeyd edilib ki, Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

“Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcək.

Hadisə ilə əlaqədar vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”, - məlumatda bildirilib.

09:22

“Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsi zamanı TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyə edilən şəxslərin səhhətində heç bir problem yoxdur”.

Bunu  açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinə müdiri Elnur Hidayətoğlu bildirib.

Onun sözlərinə görə, hələlik mərkəzdə qalanlar var:

“Həmin şəxslərin də təxliyəsi planlaşdırılır. İndiyə kimi 100-dən çox şəxs təxliyə olunub. Səhhətlərində heç bir problem yoxdur. Yenidoğulmuşlar, hamilə və zahılar Sabunçu, Kliniki, Xətai Tibb mərkəzlərinə və digər iki xəstəxanaya tam təhlükəsiz şəraitdə göndəriliblər”.

Qeyd edək ki, hazırda təxliyə prosesi davam edir. 

İlkin ehtimala görə, yanğına səbəb kimi qısaqapanma olduğu bildirilir.

FHN-dən verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğının söndürülməsi və təxliyə tədbirlərinə qurumun 20 texnikası və 90 nəfərə yaxın canlı qüvvəsi cəlb edilib.

08:41

Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsi zamanı 100-ə yaxın şəxs təxliyə olunub.

Yanğınla bağlı xəstələrin vəziyyətlərində heç bir ağırlaşma yoxdur.

Hazırda yenidoğulmuşlar, hamilə və zahı qadınların təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər beş tibb müəssisəsinə təxliyə prosesi davam edir.

Daha çox foto burada: PhotoStock.Az

 

08:01

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı hazırda Bakı şəhər prokuroru Elşən Abbasov və Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları hadisə yerindədirlər.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

“Zəruri istintaq hərəkətləri aparılır. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir”, - deyə məlumatda qeyd olunub.

Yanğının baş vermə anının görüntülərini təqdim edirik:

 

 

07:29

Yanğın Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində baş verib.

Bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev bildirib.

Onun sözlərinə görə, yanğın bir otaqda 35 kv.m sahəni əhatə edib. Binanın üçüncü və dördüncü mərtəbələrindəki pasiyent və personal təxliyə olunublar.

Vurğulanıb ki, hadisənin ilkin səbəbi hələlik bəlli deyil.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Respublika Perinatal Mərkəzində baş vermiş yanğın zamanı tibb müəssisəsində stasionar müalicə alan pasiyentlərin sayını açıqlayıb.

Onun sözlərinə görə, RPM-də stasionar müalicə alan 90 nəfərdən 50-si təxliyə olunub. TƏBİB rəhbəri vurğulayıb ki, xəstələrin təxliyəsi davam edir.

 

07:22

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı polis əməkdaşları dərhal hadisə yerinə səfərbər edilməklə təhlükəsizlik tədbirləri görülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, ərazi tam mühafizəyə götürülməklə polis əməkdaşları təxliyə-xilasetmə tədbirlərində fəal iştirak ediblər.

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir.

 

06:42

Respublika Perinatal Mərkəzində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən yanğının qısa müddətdə söndürüldüyü bildirilib.

Qeyd olunur ki, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerinə gedib.

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən açıqlamaya görə, bir nəfər tüstüdən zəhərlənib:

“9 yanvar 2024-cü il saat 3:35-də Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən  Respublika Perinatal Mərkəzində yanğın hadisəsi baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Yanğınsöndürmə işləri başa çatıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları hadisə yerinə cəlb olunublar.

Yenidoğulmuşların, hamilə və zahı qadınların təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyəsi həyata keçirilir. İndiyədək 50-yə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

Bir nəfər - Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.  Ona zəruri tibbi xidmət göstərilir.

TƏBİB rəhbərliyi hadisə yerindədir”.

TƏBİB-dən həmçinin qeyd edilib ki, yenidoğulmuş, hamilə və zahı qadınların təxliyəsi  təcili və təxirəsalınmaz tibbi yardım heyəti ilə birgə xüsusi təchiz olunmuş ambulanslarla (reanimobil, küvəzli) həyata keçirilir.

Oxu.Az