Peşə təmayüllü siniflərdə şagirdlərə sürücülük dərsləri də tədris ediləcək.
İnsider.az xəbər verir ki, bunu Təhsil İnstitutunun baş mütəxəssisi Tural Hətəmxanov deyib.
Onun sözlərinə görə, şagirdlərə yol hərəkəti qaydaları, yol hərəkəti nişanları ilə tanışlıq, piyada və sürücülərin hüquqları ilə bağlı müəyyən dərslər tədris ediləcək: “Şagirdlərin iki illik tədris müddətində öyrəndikləri bilgilər gələcəkdə sürücülük vəsiqəsi almağa kömək olacaq. Həmin siniflərə rayonlarda yerləşən sürücülük məktəblərindən müəllimlər cəlb olunub. Eyni zamanda şagirdlər nəzəri bilikləri öyrəndikdən sonra sürücülük məktəblərində praktik bilgiləri də mənimsəyəcəklər”.
Qeyd edək ki, 2019-2020-ci tədris ilində Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, Şəmkir və Sabirabadda yerləşən 20 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılacaq. Peşə təmayüllü siniflər ümumi təhsil müəssisələrinin ərazi, eləcə də maddi-texniki tədris imkanları nəzərə alınmaqla müəyyən edilib.
X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır.