petkim-avrobond-uzre-novbeti-faiz-odenisini-heyata-kecirib

“Petkim” avrobond üzrə növbəti faiz ödənişini həyata keçirib

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” İrandiya Fond Birjasında yerləşdirdiyi 500 mln. ABŞ dolları məbləğindəki avrobond üzrə üçüncü faiz ödənişini həyata keçirib.

İnsider.az xəbər verir ki, bu barədə “Petkim” Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) məlumat yayıb.

Qeyd edilib ki, avrobond sahiblərinin hesablarına, ümumilikdə, 14 687 500 dollar köçürülüb.

Qeyd edək ki, “Petkim (Petrokimya) Holding” 500 mln. ABŞ dolları məbləğində ilk avrobond emissiyasını 2018-ci il yanvarın 26-da İrlandiya Birjasında yerləşdirib. Tədavül müddəti 5 il olan bu istiqrazların illik gəlirliliyi 5,875% nəzərdə tutulub.

Xatırladaq ki, 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı SOCAR olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir. 

©Report