İnsider.az burunda çəpər əyriliyi, qırıq və zədədən sonra meydana gələn fəsadların aradan qaldırılması, əməliyyatdan sonra reabilitasiya dövrü, təkrar əməliyyat barədə plastik-cərrah Elnur Mehrəli ilə müsahibəni təqdim edir.
- Elnur bəy, burun əməliyyatlarının növü və ya üsulu mövcuddurmu?
- Burun əməliyyatları açıq və qapalı üsul ilə yerinə yetirilir. Qapalının özündə də meddaun və karma kimi tipləri var. Bu əməliyyatın aparılma üsuludur.
- Bu üsullar xəstəyə görə seçilir?
- Bəli üsul xəstəyə görə seçilir. Ümumiyyətlə qırıq, sınıq və çəpər əyriliyi daha böyük olan rekonstruktiv tipli təkrar əməliyyatlar və s. zamanı daha çox açıq əməliyyat aparılır. Amma müasir dövrdə əməliyyata kömək edici vasitələr mövcuddur. Məsələn, hazırda əməliyyatlarda pyezo avadanlığından və bora aparatından istifadə edilir. Bəzən istifadə edilən avadanlığın adını metod kimi deyirlər, məsələn, həkimlərin “pyezo üsulu” ilə əməliyyat apardığı qeyd edilir. Halbuki “pyezo üsulu” yoxdur. İnsanları maarifləndirmək lazımdır. Bu aparatın tətbiqi ilə burunda olan daha bərk toxumalar, sümük toxuması daha rahat əməliyyat edilir.
- İstənilən əməliyyat üçün müəyyən yaş həddi var, bəs burun əməliyyatı üçün yaş həddi hansı araqlıqdadır?
- Qeyd etmək istərdim ki, bu əməliyyat üçün yaş həddi müxtəlifdir. Avropada olan yaş həddi bizdə olan yaş həddindən fərqlənir. Biz Türkiyə və Avropanı daha üstün tutduğumuza görə, onların tibbi ədəbiyyatın materialına uyğun qızlar üçün 16-17, oğlanlar üçün 17-18 yaşdır. Oğlanların yetişkinlik dövrü sümük və qığırdaq toxumalarında yetişkənlik dövrü, qızlarda bir il gec başa çatır.
- Hansı hallarda yaş həddi nəzərə alınmır?
- Xəstə mexaniki təsirə məruz qaldıqda, qəzaya uğradıqda, zərbə aldıqda, kimyəvi, termiki yanığa məruz qaldıqda, inkişaf prosesində sümüklərdə və yaxud da nəfəs alma pozulduqda rekonstruksiya məqsədilə yaş həddi nəzərə alınmır. 10 ya 14 yaşında yəni o sümük tam inkişaf etməmiş də bu əməliyyatları etmək olar.
- Əks göstəricilər hansılardır, hansı hallarda burun əməliyyatı etmirsiniz?
- Ümumiyyətlə cərrahi müdaxilələrdə nisbi və mütləq əks göstərişlər olur. Nisbi və mütləq əks göstərişlərin fərqi ondan ibarətdir ki, nisbi əks göstərişlərdə hər hansı bir problem müalicə olunduqdan, aradan qaldırıldıqdan sonra əməliyyat etmə imkanı olur. Mütləq əks göstərişlərdə isə əməliyyat ümumiyyətlə mümkün deyil. Mütləq əks göstərişlər sırasında ağır ürək-damar, qan-damar çatışmazlığı, şəkər xəstəlikləri, epileptik tutmalar, eləcə də yaş həddini aşmış xəstələr ola bilər.
Nisbi əks göstərişlər arasında qan azlığı da ola bilər, qanın normasını bərpa edib əməliyyat edə bilərlər. Şəkərli xəstələr şəkərin koreksiyası fonunda, epileptik xəstələr müalicə alıb, epileptik tutmalardan azad edildikdən sonra əməliyyata girə bilərlər. İstənilən halda xəstələr müayinə edilir, qan təhlilləri, kardioqrama, rentgen və s. nəticəsində həkim əməliyyatın mümkünlüyünü müəyyən edir. Məsələn 60-70 yaşında bir adama estetik baxımdan əməliyyat etmirik.
- Yaş həddinin endirildiyi səbələrdən danışdıq bəs bu göstəricinin artırıldığı səbəblər də varmı?
- Bizim əməliyyat etdiyimiz ən yaşlı xəstəmiz 58-59 yaşında bir xanım olub. Əməliyyata uyğunluğu, etdiyimiz əməliyyatın nəticəsi baxımından cavan orqanizmlə yaşlı orqanizm arasında böyük bir fərq var. Estetik əməliyyatlar nə qədər erkən yaşda edilərsə, nəticə də bir o qədər effektiv olur. Təbii ki, cavan orqanizmdə reabilitasiya dövrü daha tez gedir.
- Bayaq dediniz ki, biz yaş həddi götürəndə Avropa və Türkiyəyə göstəricilərə üstünlük verirsiniz. Bəs həmin ölkələr üzrə göstəricilərdə ən yuxarı yaş həddi hansıdır?
- Bayaq səsləndirdiyim yaş həddi orda da eynidir. Aşağı yaş həddi olduğu kimi 16-17 və ya 18 yaş, yuxarı yaş həddi isə nisbi anlayışdır. Çünki bəzən 60-70 yaşlı insanlara da estetik əməliyyat edilib. Bu bir az seçim məsələsidir. Çünki xəstəni təhlil və orqanizminin fərdi özəlliklərinə görə dəyərləndiririk. İnsan orqanizmi var ki, 60 yaşa baxmayaraq kifayət qədər gümrahdır. Orqanizm sağlamdır. Amma bu yaşda insanın əməliyyat edilməsi məsləhət deyil.
- Amerikada hətta 70 yaşında xanımlar estetik əməliyatlar etdirirlər...
- Bəli... Üz gərdirmək, burun düzəltdirmək mümkündür, amma unutmayaq ki, mümkün olan hər şey mütləq deyil. Məsələn, 70 yaşında 10 xəstə gələ bilər, amma onlardan yalnız birini seçib əməliyyata uyğun görə bilərik. Çünki yalnız xarici deyil, eləcə də daxili orqanlarının müəyyən göstəriciləri uyğun olmalıdır. Nəzərə alaq ki, xəstə narkoz alacaq və əməliyyat keçirəcək. Bayaq da qeyd etdim ciddi ürək və qan-damar, şəkərlə bağlı problemi olan insanlara üz gərmə və ya burun əməliyyatı etmək böyük riskdir. Ən qorxunc nəticə - ölüm olmasa da, əməliyyatdan sonrakı sağalma və reabilitasiya prosesində ciddi problemlər yaşanır. Xəstə seçimi zamanı dəyərləndirmə aparmaq lazımdır. Orqanizm cərrahi müdaxiləyə, sonrakı prosesə hazır olmalıdır. Ümumiyyətlə isə Azərbaycan şəraitində hələ ki, 70 yaşında gəlib estetik əməliyyat etdirən adama rastlamamışam. Yenə də təkrar edirəm ən yaşlı burun əməliyyatı etdiyim xəstəm 58 yaşında olub.
- Estetik əməliyyat dedikdə daha çox qadınlar yada düşür. Bəs hazırda münasibət dəyişibmi, son illərdə plastik cərrahiyyə üçün müraciət edən kişilərin sayında fərq varmı?
- Ümumiyyətlə xanımlar öz xarici görünüşləri ilə daha çox kompleks yaşadıqları üçün, onların müraciətlərinin sayı da müvafiq olaraq daha çoxdur. Plastik cərrahiyyə müraciətlərinə gəldikdə isə Rusiyada, Ukraynada əsasən bədən əməliyyatları, üz gərilmsi və yaxud da piylənmə ilə bağlı əməliyyatlar edilir. Azərbaycanda və ümumiyyətlə Qafqazda ən çox həyata keçirilən estetik əməliyyat - burun əməliyyatıdır. Burun estetik əməliyyatları üçün kimlər daha çox müraciət edir? Təbii ki, yenə də xanımlar.
Kişilərin estetik əməliyyatlar üçün müraciət sayında vəziyyətə gəldikdə isə, burada da göstəricilər yüksəlib. Onlar daha çox kəpçə qulaqlıq və yaxud da gnikomastiya kimi problemin, eləcə də üzdə olan çapıq və qırışların aradan qaldırılması, burun daxili estetik görünüşün düzəldilməsi, aşırı piylənmədən yaxa qurtarmaq üçün müraciət edirlər. Faizlə müqayisə etsək kişilərin müraciət etmə sayları artıb.
- Estetik əməliyyatlarla bağlı yaranan problemlərdən biri də təkrar əməliyyatdır. Bu bəlaya düçar olmamaq, bunu yaşamamaq üçün nəyə diqqət etmək lazımdır?
- Ümumiyyətlə təkrar əməliyyat, həkimin və ya xəstənin narazı qaldığı halda yerinə yetirilir. Tibbi ədəbiyyatlarda hər 100 əməliyyatdan 5-10-u, yəni 5-10% təkrarlanma ehtimalı vardır. Bu, tibbi ədəbiyyatlarda təsdiqlənmiş bir amildir, korreksiya və ya hər hansı bir səbəbdən təkrar əməliyyat edilə bilər. Amma təkrar əməliyyat göstəricisinin 20-30%-ə qədər qalxması qəbul olunmazdır. Elə həkimlər var ki, əməliyyatlarının böyük qismi təkrar əməliyyat risklidir, bax bu artıq heç bir şəkildə normal hesab edilmir. Əməliyyatların yalnız 5-10%-i əməliyyat yenidən yerinə yetirilə bilər.
- Ümumiyyətlə təkrar əməliyyatların səbəbi nədir?
- Qeyd edim ki, təkrar əməliyyata səbəb yalnız xəstənin kaprizi olmur, nəfəsalma ilə problem yaşanarsa yenidən əməliyyat aparılır. Burnu çox gözəl olsa da əməliyyatın nəticəsindən razı olmayan və yaxud da 3 dəfə əməliyyat etdirib amma yenidən təkrar əməliyyat etdirmək istəyən xəstələr ilə rastlaşırıq. Əməliyyata ehtiyac olmadığı halda, israr edən xəstələri geri göndərdiyimiz hallarda olub. Artıq müdaxilə burun toxumasının strukturunu pozub, onların çürüməsinə gətirib çıxara bilər. Belə xəstələr ilə psixoloji yöndə işləmək lazımdır. Ümumiyyətlə Avropa və Türkiyədə xəstələrlə əməliyyatdan öncə psixoloqlar söhbət edir. Psixoloq funksiyasını yerinə yetirərək xəstələri psixoloji olaraq özümüz hazırlayırıq. Ümumiyyətlə bir məqamı vurğulamaq istərdim, psixoloqa yönləndirmə bəzi hallarda tənqid və ya təhqir kimi qəbul edilərək sərt reaksiya ilə qarşılanır. Halbuki, xaricdə bu normal qəbul edilmiş formatdır.
- Əməliyyat etdiyiniz xəstəni yenidən əməliyyat etmisinizmi?
- Bəli. Bəzi həkimlər bu faktı etiraf etmir. Amma hər bir həkimin uğurlu və uğursuz işi var. Uğursuz əməliyyat faizi bizdə 10%-dən aşağıdır. Hər bir həkim öz üzərində işləməlidir, çünki problemləri təkrar əməliyyatlarda çözür, onun səbəblərini araşdırırıq.
- Edilən əməliyyatın uğurunu sırf sağalma dövrü ilə müəyyən etmək nə dərəcədə doğrudur?
- Bu çox yanlış dəyərləndirmədir. Səbəbini izah edim. Burun estetik əməliyyatlarının reabilitasiya və gözləmə dövrü var. Hər bir orqanizm individual və fərqlidir. Əməliyyat edilən beş xəstədən birinin burnu 3 aya, digərində isə 5 aya gözəl nəticə verə bilər. Çünki ayrı-ayrı adamlardır. Fərqli qığırdaq, toxuma və sümük strukturu var, fərqli genlərə sahibdirlər. Xəstənin reabilitasiyasında sümük və qığırdaq sistemi, dərisinin qalınlığı, yaşadığı yer və yaxud da immunitetinin, iş həyat fəaliyyət mühitinin çox böyük rol oynayır. Hamının yarası eyni vaxtda sağalmır. Yenə təkrar edirəm orqanizmlər fərqli olduğuna görə, sağalma dövrü də fərqlidir.
Növbəti vacib məqam həkimin əməliyyat sonrakı dövrə dair təlimatlara riayət etmək lazımdır. Burun estetik əməliyyatının 1 həftədən iki həftəyə qədər reabilitasiya dövrü var. 10 gün müddətində gipsin, silikonun, tikişlərin bəzilərinin açılması təmin edilir, bu dövr 2 həftəyə qədər də uzadıla bilər. Ümumiyyətlə götürdükdə birinci ayda burun şişlərinin 60-70%-i çəkilir, 6 aydan 1 il yarıma qədər isə oturma, özünü bərpa dövrü gedir. Bu səbəbdən də 6 aydan tez təkrar əməliyyat etmək olmaz. Bu dövrü gözləyib yenidən müdaxilə etmək olar. Yox əgər əməliyyat sonrası çox ciddi bir nəfəs alma problemi yaşayıbsa xəstə, 3 ayında və hətta bir ayında yenidən əməliyyat edilə bilər. Bir daha vurğulamaq istərdim, bu yalnız nəfəsalma ilə ciddi problem yaşandığı halda həyata keçirilir.
Səbinə Səmidxan