Piylənmə digər xəstəliklər ilə müqayisədə XX əsrin ortasında yaranan və gündəmi zəbt edən “gənc” xəstəliklərdəndir. Bu bəlaya səbəb olaraq isə oturaq həyat tərzini və “fastfood” mədəniyyətini göstərirlər. Bu xəstəlikdən əziyyət çəkənlərin sayına görə ABŞ və Avropa ölkələri birinci yerdədir. Bəzi ölkələrdə bu problem ilə mübarizə dövlət səviyyəsində aparılsa da, gözəçarpan nəticələr əldə edilməyib. Artıq çəki və piylənmə ilə mübarizə konkret olaraq hər bir insan üçün prioritetə çevrilib.
İnsider.az artıq çəki və piylənmədən estetik cərrahiyyə yolu ilə azad olmanın, bu əməliyyatdan sonra təlimatlara düzgün əməl edilmədikdə meydana gələcək fəsadlar barədə plastik-cərrah Elnur Mehrəli ilə müsahibəni təqdim edir.
- Pasientdə artıq çəki, piylənmə olduğu necə müəyyən edilir?
- İnsan orqanizmində olan artıq çəki və piylənmənin dərəcəsini müəyyən etmək üçün BKİ (bədən kütlə indeksi) göstəricisi mövcuddur. Pasientə bədənində artıqlıq təşkil edən yükün - piylənmənin nə dərəcədə olduğunu izah edərək, əməliyyat taktikası seçilir. Xəstələr və təəssüflə qeyd edim ki, bəzən həkimlər də bu göstəriciyə önəm vermirlər, nəticədə isə yanlış əməliyyat taktikası seçilir. Çəki boya görə tənzimlənir, məsələn 150 sm boyunda bir pasient üçün 55-60 kq çəki normal sayıla bilər. Bu nöqteyi-nəzərdən də artıqlıq özünü BKİ-də göstərir. BKİ çəki ilə boyun arasında mütənasibliyə görə təyin edilir və bu göstərici normativlərdə göstəricisi 25-30 olarsa, əməliyyat taktikası mədə kiçiltmə olaraq seçilir. Yəni əgər bir pasientin boyu 170 sm, çəkisi isə 120 kq olarsa, BKİ hesablanarkən həmin şəxs mədə kiçiltmə əməliyyatına göstərişi olan pasient sayılır. Mədə kiçiltmə əməliyyatı bədəndə olan artıq yükün, əlavə çəkinin mədənin həcminin kiçildilməsi hesabına, pasientin qida qəbulunun azaldılması, eləcə də mədənin aclığa cavabdehlik daşıyan hissəsinin götürülməsi hesabına kökəlmə dayanır. Belə ki, xəstələrdə aclıq hissiyyatı olmur, əksinə daim toxluq hissi olur, nəticədə kökəlmə getmir.
- Arıqlama, şəkilləndirmə dedikdə çox zaman abdominoplastika yada düşür. Bu əməliyyatın əsas mahiyyəti nədən ibarətdir?
- Abdominoplastika - heç bir şəkildə arıqlama əməliyyatı sayılmır. Bu əməliyyatları pasientlərin çoxu qarışdırır. Məsələn, göstəriciləri: boyu 170 sm və çəkisi 120 kq olan insan ondan nə qədər piyin çıxara biləcəyimizi soruşur. Bir daha qeyd edirəm, abdominoplastika əməliyyatı - arıqlama və ya piy çıxarma əməliyyatı deyil. Abdominoplastika bədən həcmində olan piylənmə nəticəsində yaranmış hormonal balansın pozulması, hamiləlik və doğuşdan sonra bədəndə yaranan sallanmanı aradan qaldıran bir əməliyyatdır. Sallanmanın 1 və ya 5 kq olacağı məlum deyil. Bir şeyi də qeyd edim ki, qarında sallanma yalnız hamiləlik keçirmiş qadınlarda deyil, eləcə də hamiləlik keçirməyən qadınlarda da olur. Məsələn, 25-30 kq çəki atdıqda dəridə sallanmalar meydana gəlir. Bu əməliyyatlar o qədər qarışdırılır ki, 120 kq çəkisi olan bəzi pasientlər çəkisinin 60-70 kq qədər azaltmağımızı istəyir. Abdominoplastika ilə bu nəinki mümkün deyil, hətta risklidir.
Abdominoplastika əməliyyatı və liposaksiya eyni zamanda bədən şəkilləndirmə əməliyyatı sayıla bilər. Bu əməliyyatlarla artıq sallanmalardan, lokal daşlaşmış piyin hissələrindən azad olurlar. Elə insanlar var ki, mütəmadi olaraq idmanla məşğul olmalarına baxmayaraq ayaq və bud nahiyələrindəki piylərdən azad ola bilmədiklərindən şikayətlənirlər. Bu genetikadır, bunun yolu liposaksiya və piy çəkmə əməliyyatıdır.
Müasir dövrdə abdominoplastika, liposaksiya və bədən şəkilləndirmə ilə bədənə istənilən formanı vermək imkanına malikik. Örnək olaraq sallaqlıqları, bədənin hansısa hissələrində dəri cırılmalarını, genişlənmiş dərini götürmək, piyçəkmə yolu ilə bədənin artıqlıq təşkil edən hissəsini dəyişib, müxtəlif formalar, heç bir idman növü ilə məşğul olmayan insana atletik, əzələli bədən quruluşu - Hollivud bədəni, balıq bədən və əzələli qarın divarı və s. vermək olur.
- Estetik görünüşü korlayan sallaq qarın problemi artıq çəkidən başqa, hamiləlik dövründə də meydana çıxır. Sallaq qarından başqa yanlarda və beldə artıq piy qatı yığılır, siz bu əməliyyata həmin hissələrdə də piyin götürülməsini daxil edirsinizmi? Ümumiyyətlə, bu iki əməliyyat arasında fərq nədir?
- Bu əməliyyatlar arasında fərq var təbii ki... Söhbətimizin əvvəlində də dedim ki, 150 sm boyunda 55-60 kq çəkidə olan insanın qarnında və ya bədəninin hər hansı yerində toplanan lokallaşmış piy 3-5 kq ola bilər. Pasientin qarnında toplanmış bu piy onda önlük yaradır. Sallanma effekti verən bu önlük, sağlıq nöqteyi-nəzərdən onurğanın əlavə yüklənməsi deməkdir. Hamiləlikdən sonra arıqlayaraq 150 sm boyu olan bir xanım üçün 50-55 kq çəki normaldır, hətta kənardan ona əməliyyata ehtiyacı olmadığını deyə bilərlər. Amma xəstənin boyu və çəkisi normalar çərçivəsində olsa da, fizionamik olaraq, qarının ön tərəfində sallanmanı nəzərə alsaq o, potensial əməliyyata göstərişi olan xəstədir. Qarının müxtəlif bölgələrində adomonoplastika ilə önlük ləğv edilir. Piylənməyə gəldikdə isə bu, dəri altında toplanmış piy qatıdır. Onu başqa bir yol ilə liposaksiya - piyçəkmə yolu ilə aradan qaldırırıq.
- Bu iki əməliyyatı eyni anda eyni xəstəyə tətbiq etmək olarmı?
- Təbii ki, bunun ikisinin bir arada eyni pasientə eyni zamanda etmək mümkündür. Yetər ki, pasientin orqanizminin vəziyyəti və analiz müayinələrinin cavabları qənaətbəxş olsun. Bu zaman bir sıra faktorlar nəzərə alınmalıdır ki, onlar da həkim analizləri, müayinələri nəticəsində müəyyən edilir. Bu, sadəcə sırf professionallıq iş göstəricilərinə görə olan bir şeydir.
- Artıq çəki hansı xəstəliklərə gətirib çıxara bilər?
- Artıq çəki nəticəsində meydana gələcək xəstəliklər həddən artıq çoxdur. Bir var artıq çəki, bir var piylənmə. Çəkinin dörd dərəcəsi mövcuddur: Koxektik, normal, artıq çəki və son hədd piylənmə. Çəkinin boya görə az olması da fəsad hesab edilir, bədən inkişafdan qalmış sayıla bilər. Artıq çəki nə deməkdir? Artıq çəki sağlamlıq anlamında bədən üçün heç bir əlavə fəsad, diskonfort, problem yaratmayacaq və asanlıqla əridilə biləcək geri dönüşü olan çəkiyə deyilir. Artıq çəki hər bir insanda boy parametrlərinə və bədənin individuallığına görə dəyişir. Artıq çəkinin ən ağır dərəcəsi norbit obezitidir. Məsələn, 160 sm boyunda bir pasientin çəkisi 120 kq-dan artıqdırsa, bu aşırı dərəcədə köklükdür. Bunu BKİ ilə hesablayıb təyin edirlər. Bu qəbildən olan xəstələr mütləq mənada sağlıq baxımından problem yaşaya bilərlər. Ümumiyyətlə isə köklük birinci dərəcəsindən dördüncü dərəcəsinə qədər arealda sağlıq üçün fəsadlı sayılan bir sərhəddir. Şəkərli diabet, ayaqlarda varikoz genişlənmələr, ürək, qan-damar sistemində xəstəliklər, çatışmazlığa qədər gətirib çıxara bilər. Onurğada çəki ilə bağlı problemlər protruziyalar, lordonkifos, onurğa əyrilikləri və eyni zamanda digər fəsadlara gətirib çıxara bilər. Bununla yanaşı kök adamlarda qəfil infarkt kimi hallar daha böyük faiz təşkil edir.
- Hamiləlikdən sonra etdirilən əməliyyat növbəti hamiləlik üçün problem yarada bilərmi?
- Hamiləlik keçirmiş xanımların bədənindəki dəyişikliklər ilə hamiləlik keçirməmiş xanımların bədənindəki dəyişiklik fərqlidir. Dediyimiz kimi hamiləlik keçirmiş xanımlarda nəinki hamiləlikdən sonrakı şişlər çəkildikdə dəri sallanmaları, eyni zamanda qarının ön əzələlərində də genişlənmə olur. Hamiləlik keçirmiş xanım və hamiləlik keçirməmiş, lakin 20-30 kq çəki atmış xanımı müqayisə etsək, ikinci xanımda diastaz olmadığı üçün sadəcə artıq önlük götürüləcək. Hamiləlikdən sonra əməliyyat keçirən xanımın bədəninə isə diastazın içəridən tikilməsi ilə əvvəlki quruluşu verilir. Həmin xanım təhlükəsiz şəkildə növbəti 6 ay, 1 il və ya 2 il ərzində təkrar olaraq normal şəkildə hamiləlik keçirmək şansı qazanır. Hamiləlik abdominoplastika keçirilməsi üçün əks göstərici hesab ediləcək bir durum deyil. Ancaq çox vaxt həkim ilə xəstə arasında yaxın zamanda hamiləlik planlayıb planlamayacağına dair müzakirə aparılır.
- Ümumiyyətlə, bu əməliyyatın fəsadları nə ola bilər?
- İstənilən cərrahi müdaxilədən sonrakı dövrdə həkimin göstərişlərinə, verdiyi məsləhətlərə və eyni zamanda evə buraxılarkən xəstəyə yazılmış dərmanlara dair təlimatlara düzgün əməl edilmədiyi halda çox ciddi fəsadların meydana gəlməsi mümkündür. Bu yaralara düzgün qulluq olunmadığı halda yaraların irinləməsi, çirk verməsi, açılması şəklində və ya özünü qorumayaraq vaxtından tez fiziki əməyə başlayan zaman özünü büruzə verir. Bundan başqa digər problem - həkimlər tərəfindən əməliyyatın düzgün icra edilməməsi də sonradan fəsadlara yol açır.
- Faktlara əsasən qadınların orqanizmində piy toxuması ümumi çəkinin 20-29 faizini təşkil edir. Bu səbəbdən də qadınlarda piylənmə daha tez-tez təsadüf edilən bir haldır. Bəlkə qadınların daha çox bu əməliyyatı etdirməsinin səbəbi məhz budur?
- Qadın və kişi orqanizminin müqayisəli köklükdən əziyyət çəkməsini fikirləşsək, hormonl problemlər və hormonal disbalans çox böyük rol oynayır. Bu isə qadın orqanizminin xüsusiyyətindən irəli gəlir. Qadın orqanizmi bir növ saat mexanizmi şəklində işləyən bir orqanizmidr. Çünki bu saat mexanizminin hər hansı bir detalında nasazlıq yaranırsa, onun bütün detallarında nasazlıq yaranır. Çünki qadın orqanizmi hormonal təlatümlü bir orqanizm sayılır. Elementar aylıq sikl dövründə baş verən təlatüm və partlayışlar zamanı gedən maddələr mübadiləsi kimyəvi reaksiyalar on minlərlədir. Hər bir proses orqanizmə bir cürə təsir göstərir. Eləcə də, qadın orqanizmi üçün ginekoloji problemlər, süd vəzilərində olan problemlər, hormonal fonda yaranan problemlər, tiroid vəz, eləcə də bunların hamısının vəhdətdə təsir göstərməsi kimi problemlər xasdır. Bunlar orqanizmə çox böyük həcmdə maddələr ifraz edərək orqanizmə çox ciddi təsir edirlər. Ona görə ki, hormonal disbalansı, hormonal pozuntuları olan qadınların, tiroidlə bağlı triotoksikoz və yaxud bazedov kimi xəstəliklərin nəticəsində bədənlərində şişmə, kökəlmə gedə bilər. Eləcə də ginekoloji problemləri nəticəsində, çoxlu sayda hormonal preparatların qəbulu ilə əlaqədar bədəndə həddindən artıq piylənmə, aşırı dərəcədə kökəlmə kimi problemlər yarana bilər. Bunlar olmasa belə, qadının orqanizmində hamiləliklə əlaqədar, genetik faktorların təsiri ilə köklüyə meyllilik təbii ki, kişilərdən daha çoxdur.
- Hansı hallarda bu əməliyyatı qəti şəkildə etmək olmaz?
- Cərrahi müdaxilədən əvvəl pasientlər qan analizi verərək yoxlanılırlar, bununla yanaşı onların daxili orqanları da mütləq şəkildə müayinədən keçirilirlər. Xəstələr əməliyyata tamamilə əks göstərişli və ya nisbi əks göstərişli ola bilərlər. Çox yüksək şəkəri olan pasientlər ilk növbədə şəkərin korreksiya edilməsi üzrə müalicə alır, yəni şəkər normal səviyyəyə düşürülür, daha sonra əməliyyat edilirlər. Qan azlığından əziyyət çəkən xəstələrə isə qanın səviyyəsinin qaldırılması istiqamətində müalicə aldıqdan sonra əməliyyat təyin edilə bilər. Eyni zamanda vaxtı ilə infarkt, insult keçirmiş, epileptik tutmaları və s. olan pasientlər də xüsusi risk qrupuna daxildirlər.
Amma qan azlığı şəkər və epilepsiyanın aktiv fazasında deyil, xəstəliyin yatmış fazasında olan pasientlər nisbi risk qrupuna daxil olan xəstələrdir. Onlar da müəyyən müalicə kursundan sonra əməliyyata girə bilərlər.
- Risk qrupu demişkən, artıq çəkiyə meylli olan risk qrupuna kimlər daxildir?
- Daha çox oturaq həyat tərzi keçirən, rasionunda “fastfood”, qazlı və pivə kimi spirtli içkilərə üstünlük verən, hormonal problemləri disbalansı yaşayan şəxslər, eyni zamanda müntəzəm şəkildə axşam saat 20-22 arası yemək yeyən insanlar daha çox risk altında olur və daha çox piylənməyə meyllidirlər. Bir növ kənara çıxmalar da var ki, hamıdan çox yeyirlər, amma kökəlmirlər və arıq qalırlar, başqaları tərəfindən bəxtəvər insan kimi qəbul edilirlər. Ümumiyyətlə, köklük ilə bağlı problemdə birinci növbədə genetika rol oynayır. Deyərdim ki, 80% genetika rol oynayır. Artıq növbəti yerlərdə hormonal problemlər, qidalanma pozunluqları, mədə bağırsaq pozğunluqları, həyat tərzi və s. nəzərə almaq olar.
- Abdinomplastika neçə yaşından sonra icra edilə bilər?
- Həddi-buluğ dövründən etibarən, hamiləlik keçirmiş, hamiləlik keçirməmiş, 20-30 kq çəki atdıqdan sonra və eləcə də yaşı 60-65 yaş həddində olan, amma şəkər, təzyiq olmayan xəstələrə abdinomplastika və liposaksiya əməliyyatı edilir. Onlarda dəri artıqlığı, dəri sallanması, önlük, dərialtı piy toxumasının kəsilib çıxarılması da mümkündür. Həmin hissələrdən götürülən piyi bədənin digər hissələrinə vuraraq bədənə şəkil vermək olur. Əməliyyat 2 saat və bir qədər artıq çəkir. Söhbətimizin sonunda bir daha qeyd etmək istərdim ki, bu əməliyyatlar yalnız estetik gözəllik üçün deyil, sağlıq baxımından da onurğaya düşən əlavə yükün aradan qaldırılması üçün edilir.
- Maraqlı məlumat üçün təşəkkür edirik Elnur bəy.
Səbinə Səmidxan