Bu gün Azərbaycanda bütün ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. Qeyd edək ki, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 069 nəfər şagird bitirir.
Builki məzunlar sırasında Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova da var.
O, məzun kimi təəssüratlarını Modern.az saytı ilə bölüşüb:
“Mən ibtidai sinifdə oxuyarkən həmişə 11-ci siniflərə həsədlə baxırdım. Düşünürdüm ki, görəsən məzun olub o sırada dayanmaq, tələbə adını qazanmaq necə bir hissdir? Nəhayət mən də həmin hissi yaşadım. Yəqin ki, bütün məzunlar belə düşünür: böyümüşük, artıq orta məktəblə vidalaşmalıyıq. Yəqin ki, tezliklə fərqli bir mühitə düşəcəyik”.
Ali təhsil almaq planlarından danışan Aybəniz Həşimova deyir ki, 4-cü ixtisas qrupu üzrə imtahanlara hazırlaşır:
“Azərbaycan Tibb Universitetinə hazırlaşıram. Buraxılış imtahanında nəticəm gözlədiyimdən daha da yaxşı oldu. 280 bal topladım.
Tibb elmini, ümumilikdə biologiyanı dərinliyinə qədər öyrənmək istəyirəm. Universiteti də oxumaqda əsas məqsədim budur. Əvvəlcə istəyim odur ki, sevdiyim ixtisas üzrə peşəkarlaşım, daha sonra həmin ixtisas üzrə iş sahibi olum”.
Milli Qəhrəmanın qızı bildirib ki, bu anlarda atasının onun yanında olmasını çox istəyərdi:
“Buraxılış imtahanının nəticələri açıqlananda çox istəyirdim ki, atam da yanımda olsun. Təəssüf ki, belə olmadı. Düşünürəm ki, atam yanımda olsaydı, həmişəki zarafatlarını edərdi. O, həmişə imtahan nəticəm çıxanda zarafat edir, əhvalımı daha da yüksəldirdi. Atam hər zaman işə yaxşı tərəfdən baxar, mənə dəstək olub, uğuruma sevinərdi”.
Aybəniz Həşimova bütün həmyaşıdlarını məzun günü münasibəti ilə təbrik edib:
“Hamısına uğurlar arzulayıram”.