prezident-qebullar-kecirdi-foto

Prezident qəbullar keçirdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqonini qəbul edib.

İnsider.az xəbər verir ki, Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoni Azərbaycanın Avropa Şurasının layiqli üzvü olduğunu bildirərək “Bakı Prosesi”ni Avropa Şurası üçün də uğurlu platforma adlandırıb. 2008-ci ildən bu prosesin genişlənərək mühüm hərəkata çevrildiyini deyən qonaq qeyd edib ki, mədəniyyətlərarası dialoq insanların həyatını dəyişə biləcək vacib prosesdir. “Bakı Prosesi”nin başladığı dövrdən diplomatik münasibətlərdə yenilik, müdrik və cəsarətli addım olduğunu deyən Avropa Şurasının Baş katibinin müavini bu prosesin davamlı olması üçün verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoninin Forumun açılış mərasimində Azərbaycan haqqında söylədiyi fikirləri yüksək qiymətləndirib. Dövlətimizin başçısı Forumda vacib tövsiyələr irəli sürüləcəyinə əminliyini ifadə edib, bu cür önəmli beynəlxalq toplantının mədəniyyət sahəsində körpülərin, dialoqun qurulmasına mühüm töhfə verdiyini bildirib.

Prezident İlham Əliyev Azərbaycanın həm Avropa Şurasına, həm də İslam Əməkdaşlıq Təşkilatına üzv olduğunu qeyd edərək ölkəmizin “Bakı Prosesi” vasitəsilə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqu təşviq etdiyini bildirib. Hazırkı şəraitdə “Bakı Prosesi”nin coğrafiyasının genişləndirilməsinin zəruriliyini qeyd edən dövlətimizin başçısı Azərbaycanın sivilizasiyalararası dialoqu təşviq etməklə bərabər, sivilizasiyalardaxili dialoqu da dəstəklədiyini deyib.

Görüşdə Avropa Şurasının gündəliyində duran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymini qəbul edib.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymi V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd edərək “Bakı Prosesi”nin artıq təsisatlanmış bir mexanizmə çevrildiyini söyləyib.

Bu gün Azərbaycanın nəqliyyat qovşağı olmaqla yanaşı, dialoq və əməkdaşlığın da qovşağına çevrildiyini qeyd edən Yusif bin Əhməd Əl-Osaymin Azərbaycanı dinc birgə yaşayışın rəmzi kimi xarakterizə edib.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibinə Forumda iştirakına görə təşəkkürünü bildirən Prezident İlham Əliyev qonağın Forumun açılış mərasimində söylədiyi fikirlərin əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı “Bakı Prosesi”nin mühüm beynəlxalq platforma olduğunu deyib. Bu prosesin 10 ildən artıq davam etdiyini və bu gün dünyada mədəniyyətlərarası əlaqələrin və dinlərarası əməkdaşlığın qurulmasında ən səmərəli mexanizmlərdən biri kimi tanındığını diqqətə çatdırıb.

Görüşdə İslam dünyasında birliyin və həmrəyliyin vacibliyi qeyd olunub və Azərbaycanın bu istiqamətdə gördüyü işlər təqdir edilib, İslam Əməkdaşlıq Təşkilatının gündəliyində duran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Bundan əlavə, prezident İlham Əliyev MT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinosu da qəbul edib.

İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinosa V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına və ölkəmiz haqqında söylədiyi xoş sözlərə görə təşəkkürünü bildirib. Dövlət başçısı Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə yaxından əməkdaşlıq etdiyini vurğulayıb.

2007-ci ildə ATƏT-in fəaliyyətdəki sədri olarkən Azərbaycan Prezidenti İlham Əliyevlə ilk görüşdən danışan qonaq həmin söhbət zamanı Azərbaycanın dövlət başçısının söylədiyi fikirləri bu gün də xatırladığını deyib.

Forumun təşkilinə görə minnətdarlığını bildirən Migel Angel Moratinos Bakının dünyada dialoq mərkəzi kimi tanındığını, “Bakı Prosesi”nin önəmli bir platformaya çevrildiyini və zamanında irəli sürülmüş təşəbbüs olduğunu vurğulayıb. Bildirib ki, bu prosesin coğrafiyasının genişləndirilməsi və Azərbaycanın multikulturalizm ənənələrinin təşviqi böyük əhəmiyyət daşıyır.

Söhbət zamanı Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansına verdiyi dəstək yüksək qiymətləndirilib.