prezidentin-selahiyyetli-numayendesi-naxcivanda-musavire-kecirdi-tapsiriqlar-verildi-yenilenib

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda müşavirə keçirdi, tapşırıqlar verildi - YENİLƏNİB

Naxçıvan Muxtar Respublikasında ev təsərrüfatlarının uçotunun aparılması işinin təşkili ilə bağlı müşavirə keçirilib.

Naxçıvan Dövlət Milli Dram Teatrının binasında keçirilən müşavirənin gündəliyindəki məsələ təsərrüfatbaşına uçot kitablarının doldurulması işinin təşkili ilə bağlı şəhər, rayon icra hakimiyyətləri qarşısında duran vəzifələrin müəyyən edilməsi olub.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov bildirib ki, müşavirədə təsərrüfatbaşına uçot kitablarının doldurulması ilə bağlı ətraflı məlumat verilib.

“Düşünürük ki, təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi həm bu sahədə statistikanın təkmilləşdirilməsinə, eyni zamanda, digər məqsədlər üçün məlumatların ilkin mənbədən əldə edilməsinə imkan verəcək. 

Həmçinin, kənd təsərrüfatı, eləcə də şəhər yerləri üzrə həm əhali statistikası, həm də digər sahələrlə bağlı daha müfəssəl məlumatların əldə edilməsinə şərait yaradacaq. Müşavirədə zəruri tövsiyə və tapşırıqlar verilib. 

Qısa müddət ərzində tərəfimizdən də metodoloji dəstək göstəriləcək və bu məlumatların elektron informasiya sisteminə daxil edilməsi, onların emalı ilə bağlı məsələlər öz həllini tapacaq. Əsas məsələ təsərrüfatbaşına uçot sənədlərinin bütün bölmələrinin faktiki göstərişlər əsasında həyata keçirilməsi və onların tərtib edilməsidir”, - Yusif Yusifov qeyd edib.

APA

11:06

Naxçıvan Muxtar Respublikada ev təsərrüfatlarının uçotunun aparılması işinin təşkili ilə bağlı müşavirə keçirilir.

Naxçıvan Dövlət Milli Dram Teatrının binasında keçirilən müşavirənin gündəliyində duran əsas məsələ təsərrüfat başına uçot kitablarının doldurulması işinin təşkili ilə bağlı şəhər, rayon icra hakimiyyətləri qarşısında duran vəzifələrin müəyyən edilməsidir.

Müşavirədə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası Prezident administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini İbrahim Mustafayev, Azərbaycan Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov və Azərbaycan Dövlət Statistika Komitəsinin şöbə müdiri Gündüz Məmmədov iştirak edirlər.