psixi-pozgunluq-yaradan-koronavirus-inyeksiyasinin-adi-aciqlandi

Psixi pozğunluq yaradan koronavirus inyeksiyasının adı açıqlandı

“İnterferon”dan inyeksiya şəklində hətta koronavirusdan profilaktika üçün özbaşına istifadə edilə bilməz. Çünki bu preparat həzm sisteminin işində zəiflik və pozğunluqlarla yanaşı, psixi pozğunluqlara da səbəb ola bilər.

İnsider.az xəbər verir ki, bununla bağlı RF Pasiyentlərin Təhlükəsizliyi və Fərdi Tibb üzrə Beynəlxalq Layihələrin rəhbəri Yuri Kiselyov xəbərdarlıq edib.

“Şiddətli zəiflik, saç tökülməsi və dəri səpkiləri, mədə-bağırsaq problemləri və hətta psixi pozğunluqlar mümkündür. Sonuncuya depressiv vəziyyətlər və yuxu pozğunluqları aiddir, az hallarda maniyalar və intihar düşüncələri özünü göstərir”, - deyə ekspert bildirib.

Bundan əlavə, “İnterferon” inyeksiya edildikdən sonra qanda viruslarla mübarizə aparan leykositlərin səviyyəsi azala bilər.

Kiselyov, eyni zamanda, bu zülalın KRİX-ə (kəskin respirator infeksion xəstəliklər) bənzər simptomlara səbəb ola biləcəyini də qeyd edib: 

“Həkim bu vəziyyətdə əks təsirləri və xəstəliyin həqiqi təzahürlərini ayırmaqda çətinlik çəkə bilər”.

Qəzetin yazdığına görə, son araşdırmalar zamanı COVID-19-u ağır keçirən xəstələrdə kəskin interferon çatışmazlığı aşkar edilib. Digər bir araşdırma isə inhalyasiya şəklində “İnterferon”un qəbulunun ağciyərlərin süni ventilyasiyasına qoşulmuş xəstələrdə ölüm riskini plasebo ilə müqayisədə 79 faiz azaltdığını göstərib.

Daha əvvəl məlumat verilmişdi ki, qan, toxumalar, immun hüceyrələri və digər biomaterialları təhlil etdikdən sonra xəstəliyi ağır keçirənlərin ümumi xüsusiyyəti interferon reaksiyasının çatışmazlığı və iltihabın artmasıdır.

Mütəxəssislərin fikrincə, “İnterferon” xəstənin simptomlarına və sağalmasına təsir edən əsas amildir və COVID-19 üçün uğurlu müalicə strategiyasının əsasını qoyur.

Oxu.az